Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə Prezidentin fərdi və fəxri adlara görə təqaüdləri artırılıb.
Qaynarinfo Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, prezidentin 22 fevral 2018-ci il tarixli Fərmanına əsasən, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq.
Fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı 22 fevral 2018-ci il tarixli Sərəncam isə fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq "Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, "Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.
Fəxri ad alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatında işlədikdə həmin təşkilat, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunurlar.
Qeyd olunan Fərman və Sərəncamın icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 milyon manata yaxın vəsait ayrılacaq.
Şərhlər