Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkiblər.
Qaynarinfo xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yaradılacaq yeni park barədə məlumat verdi.
Bildirildi ki, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.
Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.
Şərhlər