Xəbər lenti

İdman 10:31 31.05.2021

Prezidentdən strateji mesaj: avrokubok oyunları Ağdamda

Dövlətimizin başçısının hər addımı, hər açıqlaması strateji mesaj, istiqamət göstəricisidi. Zamanlama, planlama o qədər dəqiq aparılır ki, bizə yalnız alqışlamaq, yaxşı mənada təəccüblənmək qalır. Mayın 28-də Ağdamın baş planının təqdim olunduğu tədbir də bu sıradandı.

Cənab İlham Əliyev böyük futbol azarkeşi olduğunu hər zaman nümayiş etdirib. O, tək azarkeş deyil, Azərbaycanda idmanın inkişafının, yayılmasının əsas motivatoru, dəstəkləycisi, ən böyük diqqət ayıranı, qayğı göstərənidir. Əksər strateji layihələrdə olduğu kimi idman da layiqli dəstəyini alıb, strateji planı qurulub, qalıb göstərilən dəstəyin nəticəsini almaq.

"Qarabağ”ın son mövsümdə çempionluq seriyasının qırılması ilə azarkeşlər arasında qəribə fikir formalaşdı. Aparılan sorğular, ekspert müşahidələri və açıqlamalardan belə anlaşılır ki, əksər futbol azarkeşləri "Qarabağ”ın Avropa məcaralarının bir layihə olduğunu, avrokuboklarda uğurlu çıxışın məlum səbəblərlə bağlılığının mövcudluğunu düşünür və torpaqlar azad olunandan sonra kluba əvvəlki diqqət göstərilməyəcək. Əslində belə deyil. Son günlərin müşahidələri və analizləri göstərir ki, "Qarabağ” üçün inkişafda yeni mərhələ başlayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inanılmaz iş görən klub indi növbəti missiyaya köklənir.

Belə aydın olur ki, düşmən əsarətindən xilas edilən ərazilərdə gülüstan yaratmaq, qısa müddətdə hansı inkişafa nail olunduğunu sübut etmək üçün "Qarabağ”ın da öz rolu olacaq. Cənab prezidentin Ağdam səfəri zamanı 30 min yerlik yeni stadionun anonsunu verməsi təsadüfi deyildi. Bakıdan kənarda ilk dəfə belə nəhəng arenanın inşası həm də strateji mesajdı. Deməli, bu şəhəri təmsil edən komanda uğuruna davam etməli və avrokubokların qrup oyunlarını Ağdamda oynamalıdı. 30 min təsadüfi rəqəm deyil, qrup oyunlarını qəbul etməyə yararlı müasir stadion məhz belə olmalıdı. Cənab Prezidentin bu tapşırığı əslində illərdi "Qarabağ”ın zirvədə qalması, brendə çevrilməsi üçün əlindən gələni əsirgəməyən klubun rəhbərliyinə, sponsorlarına da ciddi mesajdı. Və onlar uğurlu "Qarabağ” məcaralarını davam etdirməyə hazır olmalıdılar.

Son günlər yayılan xəbərlərə görə, ağdamlılar nəinki əldə olunanla kifayətlənib, ortabab komanda kimi fəaliyyətini davam etdirəcək, əksinə, daha böyük hədəflərə doğru ciddi və real addımlar atacaq. Deməli, Prezidentin çağırışı, Ağdamın tikiləcək 30 minlik yeni stadionunda Avropa kuboklarının qrup oyunlarını keçirmək klubun yaxın hədəfləri, üzərinə götürdüyü ilkin əsas tapşırıqlarıdır. Bəli, bəllidir ki, böyük və möhtəşəm idman arenası az müddətdə başa gələn deyil. Demək, müasir və Qarabağ torpağında ərsəyə gələcək möhtəşəm arena tikilib istifadəyə verilənə kimi "Qarabağ” könülləri fəth edən uğurlarını davam etdirməli, zirvə(lər)də qalmalı, bizi öyrəşdirdiyi uğurlarını davam etdirməlidir.

Eyni zamanda "Qarabağ” rəhbərliyi Ağdamın yenidən qurulmasında da iştirak etməlidi. 30 minlik arenada bu komanda futbol oynayacaqsa, deməli, indidən klub üçün baza, uşaq futbol akademiyası və s. inşa edilməlidi.

Cənab prezident istiqamətləri müəyyən edir, hədəf müəyyənləşdirir, lazımi qayğını göstərir. Arzuları reallaşdırmaq üçün klubla yanaşı, AFFA da əlini daşın altına qoymalıdı. Qurum rəhbərliyinin gedib köhnə "İmarət”də top çiləməsi dünyadan xəbərsiz olmalarının göstəricisidi, onlar böyük hədəflərə uyğun insanlar deyil. Dünənlə yaşayan bu şəxslərdən fərqli olaraq, cənab prezident daha möhtəşəm sabahın planlarını cızır. Və Ağdamın baş planının təqdimat mərasimində xüsusi vurğuladı ki, stadionun adı "İmarət” olacaqsa da, əvvəlki yerdə yox, daha geniş ərazidə tikiləcək.

Lənkəranda, İmişlidə, Yevlaxda və digər bölgələrimizdə tikilən müasir stadionları boş qoyan, bölgələrdə futbolun kökünü kəsən bu insanların yox, prezidentin strategiyasını dəstəkləmək lazımdı. Dilbər guşələrimizə AFFA-nın elan etdiyi süni örtüklü meydanlar, Region Liqasında çıxış edəcək komandalar yox, mənfur qonşuya göz dağı olacaq, qitə nəhənglərini azad edildikdən sonra cənnətə çevrilən torpaqlara gətirən komandalar lazımdı.

Bu gün bölgə klublarımız əcnəbi oyunçuların heyətə cəlb edilməsində çətinlik çəkir. Legionerlər bir sıra məişət problemləri üzündən əsasən paytaxt klublarını seçir. Amma Ağdam elə qurulacaq ki, orada yaşamaq, futbol oynamaq çoxlarının arzusu, xəyalı olacaq. Prezidentin dediyi kimi: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Vüsal Mahmudov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->