Ekonomiks 11:18 02.12.2021

Prezidentin bu sərəncamı nədən xəbər verir? (ŞƏRH)

"Azərbaycan Prezidentinin bu sərəncamı yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsidir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi rayonunun yaradılması ilə bağlı sərəncamını şərh edərkən deyib.
 
Onun sözlərinə görə, iqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir:

"Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb. Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi”.

Deputat əlavə edib ki, bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur:

"Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”.

Qeyd edək ki, Azərbaycan  Prezidenti İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Emin Zamin oğlu Hüseynov "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bahar Rüstəmli