Siyasət 14:55 16.07.2020

Prezidentinin köməkçisi: “Artıq yetər, işğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır”

"ATƏT-in həmsədrləri bəyanat veriblər. Lakin onlar Ermənistanın mövqeyini pisləməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hələlik bu bəyanatlar ümumi xarakter daşıyır: "Artıq yetər. İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə də məsuliyyət düşür”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib: "Ancaq Ali Baş Komandanın rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç etdi”.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistan döyüşdəki itkilərini gizlədir: "Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Artıq yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”.