Xəbər lenti

Prezidentləri Xankəndidəki
Foto 15:50 03.07.2025

Prezidentləri Xankəndidəki "Businesstex JV" tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu (FOTO)

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Qaynarinfo xəbər verir ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->