Xəbər lenti

Problemli kreditlərlə bağlı sərəncamın icrası başa çatdı
Ekonomiks 11:08 03.06.2019

Problemli kreditlərlə bağlı sərəncamın icrası başa çatdı

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli 551 nömrəli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanının icrası başa çatdırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə açıqlama yayıb.

Açıqlamada deyilir ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. 

Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. 

Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata  keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir. 

Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olub.

Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->