"Tramp Putin üçün çox asan bir rəqibdir və nə qədər ki, ABŞ prezidenti ancaq bəyanatlardan istifadə etməklə kifayətlənəcək, Rusiya lideri üçün o, belə olaraq da qalacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə münasibətdə səbrinin tükəndiyi barədə etdiyi xəbərdarlığa ikincinin göstərəcəyi reaksiyanı şərh edərkən deyib.
"Putinin bu vaxta qədərki hərəkətləri göstərir ki, Trampın və Avropanın xəbərdarlıqlarına əhəmiyyət vermir. Ümumiyyətlə o, Avropanı güc kimi qəbul etmir. Bunu etsəydi, Ukraynaya hücum etməzdi. Trampa gəldikdə, Putin onun da bəyanatarını ciddiyə almır. Tramp Putin üçün çox asan bir rəqibdir və nə qədər ki, ABŞ prezidenti ancaq bəyanatlardan istifadə etməklə kifayətlənir, Rusiya lideri üçün o, belə olaraq da qalacaq", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspertin fikrincə, burada xoş olan odur ki, Qərb Ukraynaya uzaqmənzilli raketlərdən istifadə haqqını tanıyıb:
"Yalnız belə olacağı təqdirdə, Putin reallıqla barışmalı olacaq. Artıq Rusiyanın narahatlıq keçirdiyi hiss olunur. Yəni Amerika mərkəzli anti-Rusiya qütbü yarandıqca Moskva da masaya yatırımlı olur. Deməli, belə yanaşma effektlidir".
Həmsöhbətimiz qeyd edir ki, Tramp da Kiyevlə resurslarla bağlı imzalanan müqavilənin gerçəkləşməsi üçün Rusiyaya münasibətdə ritorikanı dəyişməli, NATO-nun şərqə doğru genişlənməyəcəyini bəyan etməlidir:
"Ukrayna NATO iddialarından əl çəkməli, inklüziv dövlət quracağına söz verməli və ona neytral dövlət statusu verilməlidir. Əvəzində Putin də Ukraynaya olan bütün həmlələrindən əl çəkməlidir. Rusiya Ukraynanın bütün ərazilərindən birmənalı şəkildə çıxarılmalıdır. Yalnız Krım mübahisələndirilə bilər. Bunun üçün də Putin sahədə itkilərə məruz qalmalıdır ki, qeyd edilən şərtlərə yatırımlı olsun. Belə olarsa atəşkəs və sülh barədə danışa bilərik".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə səbrinin tükəndiyi barədə xəbərdarlıq edib. Çərşənbə axşamı "Truth Social"da yazdığı yazıda o, açıq şəkildə bildirib ki, Putinin Ukrayna ilə bağlı ciddi sülh danışıqlarında iştirak etmək istəməməsi səbəbindən "odla oynayır". Xatırladaq ki, bu son həftədə Trampın Putinin Ukraynadakı hərəkətilə bağlı ikinci belə xəbərdarlığıdır.
Rüfət Sultan
Şərhlər