Siyasət 15:57 19.09.2019

Putin Paşinyanın görüş təklifini rədd etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "168 Jam” qəzeti yayıb.

"Görünür, Vladimir Putin hər halda Ermənistana gələcək, amma cəmisi bir neçə saatlığa. O, Yerevanda qalmayacaq, sadəcə Avrasiya İttifaqı çərçivəsində görüşlərdə iştirak edib, qayıdacaq” deyə qəzet yazır.

Məlumatda vurğulanıb ki, Rusiya Prezidenti hətta liderlərin şərəfinə verilən rəsmi şam yeməyində də iştirak etməyəcək.

Qəzet qeyd edir ki, erməni tərəfi Paşinyanla Putinin ikitərəfi görüş keçirməsini rica etsələr də, onların bu istəyi Kreml tərəfindən rədd edilib.

Qeyd edək ki, oktyabrın 2-də Yerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.