Qalmaqallar kraliçası, savadlı beynəlxalq əlaqələr məzunu, ya?..
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də illik mətbuat konfransı keçirib. Konfransda 1600-dən çox jurnalist qeydiyyatdan keçib. Prezident Putinin mətbuat konfransında bu yaxınlarda Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçak da jurnalist qismində auditoriya arasında olub. Vladimir Putinə sual verdiyi zaman Kseniya bildirib ki, mətbuat konfransına "Dojd” telekanalının müxbiri kimi gəlib.
Konfransda namizədlər atışdı
"Çünki bu, sizə sual verməyin yeganə imkanıdır, axı siz debatlarda iştirak etmirsiniz”. Sobçak Putinə sualını bu kəlmədən başlayıb. Kseniya Sobçak deyib ki, Rusiyada "müxalifət namizədləri seçkilərə ya buraxmırlar və ya onlara problem yaradılır”. Sobçak sualına belə davam edib: "Aleksey Navalnı namizəddir. Ona qarşı qurama cinayət işləri qaldırılıb. Avropa Məhkəməsi ona qarşı çıxarılan hökmləri qanunsuz sayıb. Lakin Navalnı yenə də seçkilərə buraxılmır. İnsanlar anlayır ki, bu gün müxalifətçi olmaq o deməkdir ki, səni öldürəcəklər və ya həbs edəcəklər. Niyə bu belədir? Hakimiyyət rəqabətdənmi qorxur?”
Putin Kseniya Sobçakın sualına cavab verərkən rusiyalı müxalifətçi Aleksey Navalnın adını çəkməyib: "Bax, siz "Hamıya qarşı” şüarı altında gedirsiz. Bu nədir? Pozitiv hərəkət proqramıdır məgər? Bu gün müzakirə etdiyimiz problemlərin həlli üçün siz nə təklif edirsiz? Adlarını çəkdiyiniz personajlara gəlincə isə, burada artıq Ukrayna barədə sual verilmişdi. Siz istəyirsiz ki, bizim meydanlarımızda onlarla ...Saakaşvili kimiləri qaçsın? Adlarını çəkdiləriniz - elə həmin Mixael Saakaşvilidilər, amma onun Rusiya variantı. Siz istəyirsiz ki, Saakaşvili kimilər ölkədə stabilliyi pozsun?"
Daha sonra Putin davam edib: "Mən əminəm ki, vətəndaşların əksəriyyəti bunu istəmir və buna yol verməyəcək. Rəqabət isə olmalıdır və şübhəsiz, olacaq. Hakimiyyət heç kimdən qorxmur”.
"Biz Rusiyada ikinci Ukraynanın baş verməsini istəmirik. İstəmirik və buna yol verməyəcəyik”, - Kseniya Sobçakın sualına prezident Putin cavabını bu sözlərlə bitirib.
Sobçak özünü "gözlənilməz” və qələbə şansı az olan namizəd adlandırıb
Bəli, bu, namizədlər arasındakı ilk üzbəüz "atışma” sayıla bilər. Amma bu günə qədər Sobçak və Putin arasında dalğavari münasibətlər olub. "Yeni Müsavat” bu münasibətlərin məcrasına və ümumiyyətlə, Putinin "şıltaq, qalmaqallı, seksual” rəqibinin dosyesinə nəzər salır.
Öncə ondan başlayaq ki, Sobçak bu ilin oktyabrında Putinə rəqib olduğunu bəyan edib. O, martda keçiriləcək seçkilərdə iştirakını "gözlənilməz namizədliyi” ilə izah edir. Xanım Sobçak ilk gündən deyib ki, namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəkləyir. Ancaq Navalnı ona namizəd olmaması ilə bağlı xəbərdarlıq edib.
İlk vaxtlar Kreml Sobçakın namizədliyini qəbul edərək bunun, "tamamilə konstitusiya uyğun olduğunu” söyləyib. Amma Kseniya seçkilərdə qələbə qazanmaq şansının az olduğunu etiraf edib. O, bu haqda Britaniyanın "The Guardian” qəzetinə müsahibəsində bildirib. "Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm. Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər”, - K.Sobçak deyib.
K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.
Amma Sobçak yerli mətbuata müsahibələrində iddialarını daha da qabartmanın tərəfdarıdır. Məsələn, "Dojd” kanalının baş direktoru Natalya Sindevaya müsahibəsində o, qələbəsinə ümid bəslədiyini deyib. Aparıcı onun cəmi 2 faiz səs toplayacağını proqnozlaşdıranda Sobçak buna belə etiraz edib: "Milyonların səsini qazanacağıma şübhə etmirəm. Piara ehtiyacım yoxdur. Seçki qrafamda yazılacaq ki, tək Putinə deyil, bütün namizədlərə qarşıyam. Soruşsaz kim maliyyələşdirəcək bu seçki marafonumu, deyəcəm heç kim. Sadə, narazı biznesmenlər. Sıralarımda pərəstişkarlarım az deyil”.
"Mümkündür ki, oğlum səsvermə yaşına çatdıqda, hələ də eyni namizədlər olacaq, - ötən il ana olmuş K.Sobçak "YouTube"dakı videoda namizədliyini elan edərkən bildirir. - Biz hakimiyyət sistemini dəyişdirməliyik", - deyərək o əlavə edib ki, Putinə öz qərarından danışdıqda dövlət başçısı məmnun deyildi.
Sobçakın bir neçə üzü - ərköyün varlı qızı, savadlı, bacarıqlı gənc xanım, ya qalmaqallar kraliçası?
Kimdir bu Sobçak? İllərdir "sarı mətbuat”ın bəh-bəhlə şəkillərini, qalmaqallarını, özəl həyatını yaydığı bir xanım birdən-birə necə prezidentliyə namizəd oldu?
BBC Kseniya Sobçakı belə təqdim edir:
36 yaşlı, 1990-cı illərdə az tanınmış keçmiş KGB əməkdaşı Vladimir Putinə iş vermiş Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın qızıdır. Rusiyanın "Paris Hiltonu” ləqəbli Sobçak, "Dom-2" adlı populyar tanışlıq realiti şousu ilə şöhrət qazanıb. Bəzi tərəfindən əyləncəni sevən qız kimi tanınan Sobçak balonlu bir hamamdan başqa bir realiti-şousunu təqdim edərək diqqət çəkib.
K.Sobçak 1981-ci il noyabrın 5-də Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinin dosenti Anatoli Sobçakın və həmin universitetin tarix fakültəsinin müəllimi Lyudmila Narusovanın ailəsində dünyaya gəlib. Bu, 44 yaşlı Anatoli Sobçakın ikinci nikahı və ikinci qızı idi. Sobçakın özündən 16 yaş böyük bir bacısı da var. Mariya Sobçak Anatoli Sobçakın filoloq Nona Qadzyukla nikahından dünyaya gəlib. İxtisasca hüquqşünasdır.
Kseniya öncə 185 saylı "ingilis məktəb”ində təhsil alıb. Paralel olaraq balet studiyasına və rəsm məktəbinə gedib. Sobçakın yanına, evə kompozitor Vladislav Uspenski dərs verməyə gəlib və ona pianoda ifa etməyi öyrədib. Olduqca savadlı və humanitar fənlərə meylli uşaq olub.
1998-ci ildə o, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə qəbul olunub. 3 il sonra isə Moskvaya köçəndə Moskva Dövlət Universitetində analoji təhsili alıb. Bir il sonra bakalavr dərəcəsi alıb - onun diplom işi Fransa və Rusiyada prezidentlik rejimi barədə idi. Sobçak daha sonra politologiya fakültəsinin magistraturasına qəbul olub və oranı da 2004-cü ildə bitirib. Ardınca aspiranturaya qəbul olsa da, oranı bitirməyib.
Şöhrətə apan yol
Məşhurluq ona 16 yaşında gəlib. Həmin vaxt "Ekspress-kuryer” adlı Rusiya tabloidi yazı yazmışdı ki, Sankt-Peterburq şəhər merinin qızını qaçırıblar. 17 yaşında, yəni, 1998-ci ildə o, 43 yaşlı iş adamı Ömər Cəbrayılov, daha sonra Vyaçeslav Leybman, ardınca isə Aleksdanr Şustoroviçlə eşq romanı yaşayıb.
K.Sobçak ölkənin ən nüfuzlu qadınları siyahısında 22-ci yeri tutur. Onun Rusiya teleməkanına ayaq basması da 2004-cü ilin mayın 11-ə təsadüf edir. O, TNT-də yayımlanan "Dom-2" realiti-şousu ilə teleməkanda adını tanıtdı və 2012-ci ilin iyuluna kimi ”Dom-2" layihəsinin aparıcılarından biri oldu. Aparıcılıqla yanaşı, Kseniya "Ulduzlarla sirk” verilişində, eləcə də Timatinin klipində rol alıb.
K.Sobçakın telekaryerasında "Kim milyonçu olmaq istəmir?”, "Sonuncu qəhrəman-6" verilişlərinin aparıcılığı, ”Serebrannıy dojd" radiosunda "Barbaka və boz canavar” verilişinin aparıcılığı da var idi.
Kseniya 2010-cu ilin aprelində "5-ci kanal”da "Fikir azadlığı” tok-şousunu, 2011-ci ilin avqustunda isə Ukraynanın STB telekanalında "Gəl, evlənək” layihəsinin aparıcısı olub.
Lakin 2011-ci ilin sonlarından Kseniya Sobçak Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə seçilməyə başlayır. Buna səbəb kimi Dmitri Medvedyevin 4 illik prezidentlik müddətindən sonra (2008-2012) Vladimir Putinin 3-cü müddətə prezident olmaq niyyəti idi. Rusiyanın müxalifyönlü mediası yazır ki, məhz bundan sonra Sobçakın bəzi kanallarda aparıcılığına nöqtə qoyulub.
Aktrisalıq da edib, kitab da yazıb, ana da olub - daha nə?
Ksyuşa deyib, keçməyin. Onun aktrisa kimi karyerası da olub. O, ilk rolunu 2003-cü ildə "Oğrular və fahişələr” adlı filmində oynayıb və orada jurnalist obrazını canlandırıb. 2006-cı ildə isə ekranlara "Şokoladda sarışın” adlı film çıxdı ki, orada da baş rolu Paris Hilton oynayırdı. Kseniya isə onun replikalarını rus dilində səsləndirirdi. 2007-ci ildə isə o, "Ən yaxşı film” adlı filmdə fahişə obrazını canlandırıb.
Bununla bitərmi? Bitməz. Xanım Sobçak 36 illik ömrünə 5 kitab da sığdırıb. Kitablar isə daha çox əyləncə xarakterli, qeyri-ciddi ədəbiyyat siyahısına daxil olub. "Kseniya Sobçakın stil zarafatları”, "Gözəlliyin əlifbası - maskalar, biqudilər, bəzəklər”, "Millionerə ərə getmək və ya yüksək sortda nikah”. Adlar hər şeyi deyir, prinsipcə.
2013-cü il fevralın 1-də Rusiya mətbuatı Kseniya Sobçakın qəfil evlilik xəbərini yayıb. Qalmaqallı şəxsi həyatı ilə daim gündəmdə olan xanım 41 yaşlı aktyor və rejissor Maksim Vitorqanla ailə həyatı qurub. Bu, Vitorqanın üçüncü nikahıdır. 2016-cı ilin 18 noyabrında isə Sobçakın oğlu dünyaya gəlib. "Mən dünyanın ən gözəl körpəsinin anasıyam” deyə Kseniya bu haqda İnstaqram səhifəsində yazıb, uşağın adını Platon qoyublar. Məlumatlarda o da qeyd olunur ki, Kseniyanın qayınatası Rusiyanın xalq artisti Emmanuil Vitorqran 1939-cu il dekabrın 27-də Bakı şəhərində anadan olub.
Mənbə: musavat.com
Şərhlər