Qadınlar bir ildə bu qədər aborta gedib - Aralarında 15-17 yaşı olanlar da var

Qadınlar bir ildə bu qədər aborta gedib - Aralarında 15-17 yaşı olanlar da var

Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb. 

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi məlumatda bildirilib ki, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.

Rəsmi məlumatda yaş qrupları üzrә abortların sayına da aydınlıq gətirilib.

Belə ki, ötən il 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.

18-19 yaşlı qadınlar arasında aborta getmək 1270 dəfə olub.

20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında  9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.

Xatırladaq ki, abort düşünülmüş şəkildə hamiləliyin dayandırılmasıdır. Abort üçün müasir metodlar dərman və ya cərrahi əməliyyat sayılır.

Beynəlxalq statistikaya görə, hər il dünyada 50 milyondan çox abort həyata keçirilir. Ən çox abortu 20-29 yaşında olan qadınlar etdirirlər. 

Abort etdirilməsinin ən geniş yayılmış səbəbi qadının arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyidir.

Lakin bir sıra hallarda, abort digər səbəblərdən də həyata keçirilir: hamilə qadının həyatının xilas edilməsi və ya uşağın doğuşdan dərhal sonra ya ölümünə və ya onu sağalmaz əlil edəcək ağır inkişaf anomaliyaları olan dölün inkişafını dayandırmaq məqsədi ilə. 

Təhlükəsizlik məqsədilə hamiləliyi dayandırmaq qərarı, hamilə qadının daxili orqanlarının kəskin və ya xroniki xəstəlikləri olduğu hallarda (məsələn, böyrək çatışmazlığı, ürək çatışmazlığı və s.) və bu xəstəliklərin gedişatının hamiləlik zamanı əhəmiyyətli dərəcədə ağırlaşması və ya hamilə qadının ölümünə gətirib çıxara biləcəyi hallarda verilə bilər.

Hamiləliyin dayandırılması həmçinin hamilə qadınlarda bədxassəli şişlərin aşkar olunması halında tələb oluna bilər: uşaqlıq, döş xərçəngi, qalxanvarı vəzin xərçəngi, leykimiya, bağırsaq xərçəngi və s.

Qadının istəyi ilə hamiləlik onun zorlanması nəticəsində əmələ gəlməsi hallarında da dayandırıla bilər.
XƏBƏRLƏR
BLOGLAR
X