İdman 00:04 26.11.2021

"Qalatasaray" növbəti mərhələyə yüksəldi

UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. 30-cu dəqiqədə Due Çaleta-Tsar topu öz qapısına vurub. 64-cü dəqiqədə Sofyan Fequli fərqi 3 topa çatdırıb. 
68-ci dəqiqədə "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Milik qoyub. 

E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.  

Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda Avropa Liqasında mərhələ adlayıb.