Dünya 13:42 25.01.2022

“Qanuni oğru” ölkə prezidentini məhkəməyə verdi

Fransada ömürlük azadlıqdan məhrum edilən gürcü əsilli "qanuni oğru” Kaxaber Şuşanaşvili (Kaxa Rustavski) Gürcüstan Prezidenti Salome Zurabişvilini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, Kaxa Rustavskinin məhkəməyə müraciət etməsi onun Gürcüstan vətəndaşlığına xitam verilməsi ilə əlaqədardır. "Oğru” vətəndaşlığının geri qaytarılmasını tələb edir.

Salome Zurabaşvilinin Kaxa Rustavski barədə məlum sərəncamı isə onun Rusiya vətəndaşı olması ilə izah edilir. Gürcüstan Ədliyyə Nazirliyi Şuşanaşvilinin 2015-ci ildən Rusiya vətəndaşı olduğunu deyir. "Oğru”nun vəkili isə nazirliyin bununla bağlı təqdim etdiyi sənədin saxta olduğunu iddia edir. 


Kaxaber Şuşanaşvili

Kaxaber Şuşanaşvili kriminal dünyada kifayət qədər nüfuz sahibidir. O, "oğru” Laşa Şuşanaşvilinin (Laşa Rustavski) doğma qardaşıdır. Şuşanaşvililər Avropada gürcü mafiyasının lideri hesab olunurlar. 

Kaxa Rustavskinin həbsinə gəlincə, artıq 12 ildir ki, Marsel həbsxanasında cəza çəkir. O, kriminal avtoritet Vladimir Canaşiyanın (Lado) qətlində təqsirli bilinir. Canaşiya 2010-cu ildə Fransada qətlə yetirlib. Şuşanaşvili ilə aralarında münaqişə olduğuna görə, şübhələr onun üzərinə yönəlib. Fransanın hüquq-mühafizə orqanları bu qənaətə gəlib ki, Ladonun qətlinin sifarişçisi Kaxa Rustavskidir. 

Bəzi iddialara görə, Canaşiyanın qətli əfsanəvi "oğru” Vyaçeslav İvankovun (Yaponçik) qisas əməliyyatıdır. Ehtimal olunur ki, "Yaponçik"in ölümündə Vladimir Canaşiyanın da rolu olub. 

Yeri gəlmişkən, "Yaponçik"in qətlinə görə həbs edilənlərdən biri biznesmen Cambul Canaşiyadır. Onun Vladimir Canaşiya ilə qohumluq əlaqələrinin olduğu deyilir.

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?