Sağlamlıq 13:57 01.08.2019

“Qara yara” nədir? – Dörd günə ölüm baş verir

Xəbər verdiyimiz kimi, dünən Sabirabad Mərkəzi Rayon Xəstəxanasında yüksək hərarətlə 2 nəfər müraciət edib və onlara qara yara diaqnozu qoyulub. Vətəndaşlardan biri 60 yaşlı kişi dünyasını dəyişib. Bəs bu qara yara nədir? Necə yaranır?

Qaynarinfo Yeni Sabah-a istinadən xəbər verir ki, Qarayara və ya Sibir yarası  kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpır. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Qarayara  ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür.  

İnfeksiya mənbəyi xəstə ev heyvanları: qaramal, at, eşşək, qoyun, keçi, maral, dəvə, donuzdur. Bu heyvanlarda xəstəlik yayılmış formada keçir. İnsanda yoluxma halları olduqca azdır. Daha tez-tez kontakt yolla daha az alimentar, hava-toz və transmissiv yolla yoluxmaya təsadüf edilir.

Daha tez-tez dabbaqlar, sallaqxana və ət kombinatı işçiləri, yun çırpanlar, xəstə heyvanlara baxanlar xəstələnirlər. İnsanların qarayara ilə infeksiyalaşmış heyvanların xammalından hazırlanmış əşyalar (papaq, kürk, əlcək, corab) vasitəsilə yoluxma təsadüfləri məlumdur. Qarayaranın peşə-kənd təsərrüfatında xəstələnmə halları daha çox yay-payız aylarında təsadüf edilir.

Qarayarada ikubasion dövr xəstəliyin formasından asılı olaraq: dəri formasında 2-14 gün, septik formada bir neçə saatdan 6-8 gündür.

Qarayaranın dəri formasının daha tez-tez təsadüf ediləni karbunkulyoz (çibanlı) formadır, başlıca olaraq bədənin açıq hissələri zədələnir. Karbunkullar başda, boyunda, ağızın və burunun selikli qişalarında lokallaşanda xəstəlik xüsusilə ağır keçir.

Xəstəliyin yüngül formaları tam sağalma ilə başa çatır. Xəstəliyin daha ağır formalarında kefsizlik, əzginlik, başağrısı nəzərə çarpır. 

Birinci günün axırına yaxın bədən hərarətinin 39-40 °C qədər yüksəlməsilə orqanizmin intoksikasiyası inkişaf edir, ürək-damar sisteminin fəaliyyəti pozulur. Xəstəlik yaxşı qurtaranda 5-6 gündən sonra hərarət kritik düşür, ümumu və yerli simptomlar geriyə inkişaf edir, ödemlik tədricən azalır, limfadenitlər və limfangitlər itir, qartmaq 2-4 həftədən sonra qopub düşür, xora sağalır, yerində çapıq qalır. 

Qara yaranın dəri formasının ikincili septisemiya ilə ağırlaşması hallarında bədən hərarəti 40-41 °C-dək qalxır. Titrətmə, şiddətli başağrısı, başgicəllənmə, sayıqlama olur, yuxu pozulur, nəbz dəqiqədə 120-160-dək sürətlənir, arterial təzyiq düşür. Xəstələrin bəzilərində bu təzahürlərə qanlı qusma və tez-tez qanlı ishal əlavə olunur. 

Prosesin güclənməsi ağır endokarditə və ağciyər ödemi ilə keçən ikincili pnevmoniyaya, soporoz hala, komaya və 1-4-cü gün ölümə səbəb olur.

Septik formada isə xəstəlik 1-4 gün davam edir və ürək çatışmazlığından ölümlə nəticələnir. Xəstə son dərəcə nadir hallarda sağalır.