Qarabağ müharibəsinin taleyi həm də pandemiyadan asılıdır - Professor

Qarabağ müharibəsinin taleyi həm də pandemiyadan asılıdır - Professor

"Dövlət daha sərt tədbirlər görə bilər”.


BunuQaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda COVİD-19 virusuna yoluxanların sayının kəskin artmasından danışarkən deyib. Professor vurğulayıb ki, yoluxmanın çoxalmasının səbəbi ölkədə, mətbuatda və sosial şəbəkədə bütün diqqətin cəbhə bölgəsinə, Qarabağa, Vətən savaşına köklənməsidir:

 


 

"Bu, təbii ki, anlaşılandır. İnsanların əhval-ruhiyyəsi də yüksəkdir. Çünki qələbə əhval-ruhiyyəsi yaşayırıq. Amma bir problem var. Qarabağda savaş başlayana kimi sosial şəbəkədə hər kəs koronavurusla bağlı məlumatlara köklənmişdi, rəylər yazırdılar, fikirlər səsləndirirdilər. Hətta deyirdilər ki, belə bir virus yoxdur, yalandan uydururlar. Bu günə kimi həmin informasiyaların daşıyıcıları var və onlar koronavirusa inanmırlar. Vətən savaşı başlayan kimi insanlar virusa qarşı bir az da laqeyd oldu, maska taxmadılar, sosial məsafə gözləmədilər. İstədiyi vaxta rayona gedib-gəldilər. Sanki rayona gediş-gəliş açıldı, qadağalar da unuduldu. Qapalı mühitdə insanların maskasız hərəkəti virusun yayılmasına yol açdı. Bütün bunlar xeyli yoluxma potensialı yaratdı”.

 

Adil Qeybullanın fikrincə, Qarabağ müharibəsinin taleyi həm də pandemiyadan asılıdır:

 

"Biz sərt tədbirlər görməyə məcburuq. Bu, karantinin tələbidir. Virusun ön cəbhəyə yayılmaması üçün buna getməyə məcburuq. Virus çox təhlükəlidir, Vətən müharibəsinin gedişinə zərbə vura bilər. Ona görə də dövlət daha sərt tədbirlər görməyə məcburdur. Vətəndaşlar da vətəndaş məsuliyyəti nümayiş etdirməlidir”.

 

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanda koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

 

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR