Qabil Hüseynli: “Moskva uzunmüddətli təzyiqlərdən sonra əmin oldu ki, Azərbaycan irəli sürdüyü şərtlərdən geri çəkilən deyil”
Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da qoşulması üçün uzun müddət Moskvadan Bakıya təzyiqlər olunduğu müşahidə edildi. Lakin Azərbaycan hakimiyyəti torpaqlarımızı işğal edən Ermənistanın üzv olduğu Avrasiya İqtisadi Birliyinə haqlı olaraq qoşulmadı. Azərbaycanın bu təşkilata qoşulmasının tərəfdarı olan bir sıra şəxslər isə son günlər yenidən belə fikirləri dövriyyəyə buraxıblar ki, Avrasiya Birliyinə üzv olsaq, Rusiya Qarabağ məsələsində sülh sazişi imzalaması üçün Ermənistana təzyiq edə bilər...
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv olsaq belə, Rusiya Ermənistana işğal etdiyi torpaqlardan çıxması və sülh sazişi imzalaması üçün təzyiq etməz:
“Azərbaycan o zaman Avrasiya Birliyi ilə əməkdaşlıq edə bilər ki, Dağlıq Qarabağ problemi həll edilsin. Bunu prezident İlham Əliyev də müxtəlif vaxtlarda açıq və ya dolayısı ilə deyib. Çox az sayda insanları çıxmaqla, Azərbaycan xalqı da bu cür düşünür. Azərbaycan axı niyə Rusiya qarşısında güzəştə getməlidir?! Rusiya Ermənistana torpaqlarımızdan çıxması üçün real təzyiq göstərib buna nail olmadan Azərbaycan niyə onun istəyini yerinə yetirməlidir?! Rusiya Ermənistanın işğal etdiyi torpaqlarımızı geri qaytarmaq üçün bizə köməklik göstərməlidir ki, Azərbaycan da Rusiya ilə vahid məkanda iqtisadi, siyasi əməkdaşlıq bloklarına qoşulsun. Elə-belə amiranə formada demək ki, gəl Avrasiya Birliyinə qoşul, bu, neoimperialist ədasıdır. Bu məsələdə hər iki tərəfdən ciddi kompromislər lazımdır. Yəni Rusiya kompromisə gedərək Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarından çıxmağa vadar etməlidir. Azərbaycan da bundan sonra kompromisə gedərək Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə qoşula bilər. Əgər Rusiyadan bu addım olmayacaqsa, Azərbaycanın bəri başdan həmin təşkilata qoşulmasının mənası yoxdur. Heç kim ümid etməsin ki, Azərbaycan o təşkilata qoşulduqdan sonra Rusiya Ermənistana işğal olunmuş torpaqlardan çıxması üçün təzyiq edəcək”.
Politoloq onu da deyib ki, son zamanlar Avrasiya Birliyi məsələsi aktuallığını xeyli dərəcədə itirib və ilk vaxtlarda Moskvadan müşahidə edilən təzyiq indi müşahidə edilmir. Amma bu, o demək deyil ki, məsələ Rusiyanın gündəmindən tamamilə çıxıb:
“Azərbaycanın Rusiyadan asılılıq telləri getdikcə azaldıqca, Rusiyadan təzyiqlər də istər-istəməz azalır. İkincisi, Moskva uzunmüddətli təzyiqlərdən sonra əmin oldu ki, Azərbaycan irəli sürdüyü şərtlərdən geri çəkilən deyil. Anlamağa başladılar ki, Azərbaycanla diktə dilində danışmaq effekt verməyəcək. Üçüncüsü, Azərbaycanın Qərbə doğru meyllənməsi son zamanlar artıb. Avropa Birliyi ilə danışıqlar aparılır, Azərbaycan qazının Avropa bazarına çıxarılması, İpək yolunun açılmaq üzrə olması və digər addımlar Azərbaycanı Qərbə yaxınlaşdırır, Qərblə əlaqələri gücləndirir. Ona görə də indiki şəraitdə Avrasiya Birliyinə görə Azərbaycana təzyiq eləmək o qədər asan deyil”.
Q.Hüseynli vurğulayıb ki, Moskva açıq şəkildə olmasa da, dolayısı yollarla Azərbaycana təzyiq edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinin ortaya atılması, bununla eyni vaxtda Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyinin keçirilməsi, mərasimə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun, xarici işlər naziri Sergey Lavrovun, Vladimir Jirinovskinin qatılması və ermənilərin şəninə təriflər, arzular ifadə edilməsi dolayısı yolla təzyiqdir:
“Bu, dolayısı ilə təzyiqdir, həm də onların iç üzünü açan faktdır. Rusiya artıq öz hərəkətləri ilə əslində öz-özünü ifşa edir. Dünənə qədər küçələrdə ticarətlə məşğul olan bir erməninin yubileyinin keçirilməsi və dövlət səviyyəsində həmin tədbirdə iştirak Rusiyaya o qədər şöhrət qazandırmır. Ara Abramyan nə böyük adamdır ki, onun yubileyinə Rusiya prezidentinin danışan dili sayılan Peskov, xarici işlər naziri Lavrov qatılır. Deməli, onlar bu addımla həm də Azərbaycana təzyiq edirlər, nümayiş etdirirlər ki, Ermənistanın yanındayıq. Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının tərəfdarı kimi çıxış edənlər bu faktı unutmamalıdırlar”.
Qaynar.Az
Şərhlər