Xəbər lenti

Ölkə 16:20 12.10.2018

"Qarabağ şikəstəsi" oxuyanlar Qarabağ mitinqində niyə iştirak etmədi? (CAVABLAR)

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Bakıda, "Məhsul" stationunda Qarabağa həsr olunan mitinq keçirildi. "Qarabağa azadlıq", "Küçkünləri yurdlarına qaytarın" və s. şüarlar səsləndirilən mitinqdə maraqlı məqamlardan biri iştirakçılar arasında qarabağlı sənət adamlarından heç kəsin olmaması idi.
 
Bütün bunlar sosial şəbəkələrdə müzakirəyə səbəb oldu və bəzi istifadəçilər qarabağlı xanəndələrə iradlarını bildirərək, ""Qarabağ şikəstəsi" oxuyanlar mitinqdə iştirak etmədi" tipli statuslar paylaşdılar.
 
Qaynarinfo əslən qarabağlı olan bəzi sənət adamlarından mitinqdə iştirak etməmələrinin səbəbini soruşub.
 
Xalq artisti Arif Babayev: "Bilmirəm. Mən o şeyə fikir verən deyiləm".


 
Xalq artisti Nəzakət Teymurova: "Nə edək, tutaq öldürək?! Birincisi məlumatımız yox idi. İkincisi də, bunlar siyasi işlərdir. Siz siyasətçiləri bizim konsertimizdə görürsünüz? O da onların işidir. Adını Qarabağ qoyurlar, içində ayrı şeylər olur".

 
 
Xalq artisti Mənsum İbrahimov: "Səfərdə olmuşam. Qaldı ki, mənim üçlüyüm "Qarabağ" Muğam Qrupu adlanır. 21 ildir bu adla xarici ölkələrdə konsertlər veririk. Hər konsertimizin sonunda Qarabağ şikəstəsini ifa edirik. Bizim təbliğatımızın dairəsi çox genişdir. Hər kəs öz işi ilə vətəninə xidmət etməlidir. Hazırda Romada Səfərdəyik. Ayın 14-də İtaliya prezidentinin iqamətgahında yenə çıxış edəcəyik". 
 

 
Xalq artisti Aygün Bayramova: "Qarabağla bağlı mitinqdə iştirak etmək hər birimizin borcudur. Mən o torpaqda doğulub, böyümüşəm. Oranın havasını, suyunu qəbul etmişəm. O hissi neçə çatdırım bilmirəm. İstəyərəm ki, o torpaqlara gedək, yenə əvvəlki kimi o yaşayış olsun. İnşallah, yaxın zamanda da qayıdacağıq. Tam səmimi bir söz deyim ki, mən o barədə çox sonralar sosial şəbəkədə xəbər tutdum. Neçə çağırış ediblər, necə təşkil olunub bilmirəm. Görünür təşkilatlanma zəif olub. Yaxşı təşkil olunsaydı, hamımız bir nəfər kimi iştirak edərdik". 


Əməkdar artist Təyyar Bayramov: "Vallah, xəbərim olmayıb. Sonradan eşitdim. Yoxsa Qarabağa aid mitinqdə iştirak etmək hamımızın borcudur. Xəbərim olsaydı, sevə-sevə iştirak edərdim".
 
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->