Xəbər lenti

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsi - Addım-addım həllə doğru
Siyasət 14:10 28.04.2023

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsi - Addım-addım həllə doğru

(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)

Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində bir sıra mühüm addımlar atıb. Hansı ki, atılan bu addımlar Azərbaycanın bir dövlət olaraq möhkəmlənməsi, daha sürətlə inkişafına, burada yaşayan bütün xalqların hüquqlarının müdafiəsinə xidmət edib. 

44 günlük müharibədə qələbədən sonra indi həyata keçməsi vacib olan əsas məqamlardan biri də Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası məsələsidir. Azərbaycan addım-addım bu məsələni də həll etməyə doğru gedir. Bu yolda sözsüz ki, Qarabağdakı separatçı və terrorçuların timsalında müəyyən maneələr var. Aydındır ki, bu qanunsuz separatçı tör-töküntülərin mövcudluğu Qarabağda yaşayan sıravi ermənilərin Azərbaycana inteqrasiya prosesinə imkan vermir. Lakin son günlər Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə separatçıların da əl-qolu tamamilə bağlanır. İndi ermənilərin qarşısında iki məsələ var, ya Azərbaycan vətəndaşlığını qəbil edərək, qalıb burada yaşamalı, ya da qəbul etmirlərsə, ölkəmizi tərk etməlidirlər. 

Milli Məclisin deputatı Elman Nəsirov Qaynarinfo-ya açıqlamasında Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası prosesinin necə həyata keçiriləcəyinə aydınlıq gətirdi: 



"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə iki dövlət arasında münasibətləri tənzimləyən 10 noyabr sənədini meydana çıxardı. Bu müstəvidə həllini gözləyən bir sıra məsələlər var. Onlardan biri də Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı məsələdir. Bu məsələdə Azərbaycan dövləti, onun siyasi rəhbərliyi və şəxsən ölkə Prezidentinin prinsipial və qətiyyətli mövqeyi var. Mövqe ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan çoxmillətli dövlətdir. Bütün vətəndaşlarımızın malik olduqları eyni hüquqlara Qarabağda yaşayan erməni vətəndaşlarımız da malik olacaqlar. Bu, ölkəmizin daxili işidir, heç bir kənar dövlət prosesə müdaxilə edə bilməz. Qarabağda yaşayan ermənilər Azərbaycana inteqrasiya olmalıdır”. 

Deputat qeyd edir ki, inteqrasiya prosesi Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olmağı qəbul edib-etməyəcəkləri istiqamətdə aparılmalıdır: 

"Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, Azərbaycan pasportunu almalı, dilimizi öyrənməlidirlər. Bu münasibətdə həmin ərazidə əhalinin siyahıyaalınması da həyata keçirilməlidir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, Konstitusiyamıza, qanunlarımıza tabe olmaq istəməyənlər üçün isə yol açıqdır. Hara istəsələr Ermənistana və yaxud səpələndikləri digər ölkələrə gedə bilərlər. Azərbaycanın mövqeyi bu dərəcədə sadə və birmənalıdır. Burada əsas məqam onunla bağlıdır ki, heç bir halda Qarabağda yaşayan ermənilərin muxtariyyətindən söhbət gedə bilməz. Bu məsələ həllini tapmış məsələdir. Yalnız unitar dövlət olan Azərbaycanın tərkibində yaşayan digər xalqlarla birlikdə eyni hüquqlarla yaşaya bilərlər. Ermənistanda kimlərsə buna şübhə edirsə, Azərbaycanda yaşayan bütün etnosların necə yaşadıqlarına baxsınlar. Heç kimin heç kimdən üstün mövqeyi yoxdur. Hamı qanun qarşısında bərabərdir. Bərabər hüquqlardan istifadə edir və vəzifələrini də qanun çərçivəsində icra edirlər. Bu bir aksiomdur, onun xüsusi isbata ehtiyacı yoxdur. Yol budur. Ermənilər də seçimini etsinlər. Ya dediyimiz şərtlər daxilində Azərbaycana inteqrasiya etməli, ya da dezinteqrasiya yolunu tutmalı, Azərbaycan ərazisini tərk etməlidirlər”.  

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->