Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçisi postu boş qalıb. İndi əsas müzakirələr bu yöndə aparılır. "Millini yerli, yoxsa əcnəbi mütəxəssisin çalışdırmalıdır” sualı ətrafında çoxları baş sındırır. Fikirlər haçalansa da, böyük əksəriyyət yerli məşqçininin tərəfdarıdır.
AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun Parisə köç etməsindən, "FİFA Elxan”a çevrilməsindən sonra futbol qurumun özündə də islahat görüntüsü yaradılıb. Qurumun ətrafında müsbət imic formalaşdırılmağa çalışılır. Hiss etmək çətin deyil ki, yeni baş katib AFFA-nın mənfi obrazından xilas etməyə, xüsusən də özünün Elxan Məmmədovdan fərqli kadr olduğunu göstərməyə cəhd göstərir. Son aylarda AFFA ilə idman mətbuatı arasında buzların əridilməsinə çalışılması, AFFA-nın dəvəti ilə xarici səfərlərə yollanan qələm əhlinin siyahısındakı dəyişikliklər də bunun əlamətidir. Artıq səfərə ənənəvi siyahının üzvləri yox, nisbətən tənqidçi kəsimin nümayəndələri də aparılır. Bu cəhdlərin səmimi olub-olmamasını demək çətindir. Hər halda prosesin davamı məsələnin mahiyyətini aşkar etməyimizə yardımçı olacaq. İstənilən halda Sərxan Hacıyevin təkbaşına bütün prosesi dəyişməyi bacarması inandırıcı deyil. Ən azından ona görə ki, İcraiyyə Komitəsinin üzvləri əvvəlki adlardır.
Bu məqama ona görə toxunuram ki, idman ictimaiyyəti və həmkarlarım çox da ümidlənməsin. AFFA-da hazırda söz sahibi olan qüvvələr qərar qəbul edərəkən bizim fikrimizə çox da önəm verməyəcək. Danışmaq, müzakirə etmək, araşdırmaq yenə bizə qalacaq. Bütün bunlara sərf olunan enerji də boşa gedəcək. Lap elə AFFA rəhbərliyi sosial sifarişi qəbul edib, milliyə yerli mütəxəssisi baş məşqçi təyin etsə də, işıqlı günlərin tezliklə gələcəyini düşünmək sadəlöhvlük olar. Həmin o yerli mütəxəssisə işləməyə nə qədər imkan və vaxt verəcəklər? Millinin yeni baş məşqçisi nəticələri kimlərlə, hansı futbolçularla yaxşılaşdıracaq? Milli komandanın simasını köklü şəkildə kimlərin sayəsində dəyişmək mümkündür? Bu tip cavabsız sualların sayı çoxdur. Hamısını sayıb, sizi də yormaq istəmirəm.
Dəfələrlə demişik, isbatlamışıq ki, Azərbaycan futbolunun problemi milli komandaya kimin rəhbərlik etməsi, məşqçinin yerli, yoxsa əcnəbi olması deyil. Ən əsası, o komandada hansı futbolçuların oynamasıdır. İndiki şəraitdə elə də geniş seçimdən danışmaq yersizdir. "Hazırda Azərbaycan millisində yetərincə istedadlı futbolçu toplaşıb, bu komanda tarixin ən güclüsüdür” fikrindən isə bir azca pafos qoxur. Ramil Şeydayevin Taylanddakı performansı, Şahruddin Məhəmmədəliyevin "Adanaspor”da ehtiyatdan çıxa bilməməsi, Mahir Emrelinin, Musa Qurbanlının inkişafının ləngiməsi, Emin Mahmudovun "Neftçi” səviyyəsini aşa bilməməsi kimi məsələləri nəzərə alanda böyük hədəflərin hələ də bizdən uzaq olduğunu görürük. Ona görə də biz həqiqi inkişaf, sabit nəticələr istəyiriksə, hər şeyə çox-çox uzaqlardan başlamalıyıq. Lap elə U-10 komandalarından.
AFFA uzaqbaşı yerli mütəxəssislərin birini odun içinə ata bilər. Həmin mütəxəssisin də uğursuzluğa düşəcəyini səbrsizliklə gözləyəcəklər ki, dönüb bizim ağzımızı yumsunlar. Desinlər ki, bu da sizin yerli məşqçi tələbinizin sonu, imkan verin işimizi görək, əcnəbilərlə 50/50 işləyək. Qurban Qurbanovun və onunla birlikdə millilərdə işləməyə gələn gənc mütəxəssislərin başına gətirilənləri görmüş adamlarıq. Qurban bəyin uğur qazanması üçün "Qarabağ” klubunun rəhbərliyi ona sərbəst seçim, təzyiqdən uzaq iş şəraiti yaratdı, etibarını, inamını göstərdi. O vaxtlar gənc və təcrübəsiz olan Qurban bəy klub rəhbərliyinin ona verdiyi dəstəkdən və zamandan yaxşı istifadə etdi, bunun üzərinə öz istedadını da əlavə edincə ortaya "Qarabağ” boyda əsər, azərbaycanlı azarkeşlərin qürur mənbəyi, Azərbaycan futbolunun üzünü ağardan klub çıxdı. Odur ki, AFFA səmimi şəkildə azərbaycanlı mütəxəssislərlə uğur qazanmaq istəyirsə, "Qarabağ” rəhbərliyinin keçdiyi yoldan öyrənəsi çox şey var.
Amal Abuşov
Şərhlər