Xəbər lenti

Türkiyədə II
Foto 10:59 21.10.2025

Türkiyədə II "Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları" Beynəlxalq Simpozium keçirildi

2025-ci il oktyabrın 17-də Türkiyənin Qars şəhərində II "Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” Beynəlxalq Simpoziumu keçirilib. Tədbir Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamenti və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Nar şirkəti, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib. Simpozium Türkiyədə yalnız Kafkas Universitetində fəaliyyət göstərən, bakalavr və magistratura səviyyəsində təhsil verən Azərbaycan türkçəsi və ədəbiyyatı bölümünün 20 illiyi və Qarabağ zəfərinin 5 illiyinə həsr edilmişdir.

Məlumat üçün bildiririk ki, I "Türk dünyasında Azərbaycan dili və araşdırmaları” Simpoziumu 5-6 dekabr 2024-cü ildə Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə baş tutmuşdur.

Açılış mərasimində Kafkas Universitetinin prorektoru prof. Engin Kılıç, Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları, Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinin müdiri prof. İlkin Qulusoy, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Zamin Əliyev, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, Azərbaycan Respublikasının təhsil müşaviri dos. Nəcibə Nəsibova, Atatürk Mərkəzinin direktoru prof. Nizami Cəfərov, AR Milli Məclisinin deputatı prof. Hikmət Babayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Səttar Kaya, Yusif Balasaqun adına Qırğız Milli Universitetinin müəllimi Farizat Kuramayeva və onlayn şəkildə Nar şirkətinin İctimaiyyətlə əlaqələr və Korporativ ünsiyyət departamentinin müdiri Hökümə xanım Kərimova çıxış ediblər. Natiqlər simpoziumun elmi əhəmiyyətini və Türk dünyasında birliyin gücləndirilməsində rolunu vurğulayıblar.

Simpoziumun açılış mərasimində, həmçinin Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalovaya və Nar şirkətinin İctimaiyyətlə əlaqələr və Korporativ ünsiyyət departamentinin müdiri Hökümə Kərimovaya simpoziuma verdikləri töhfəyə görə plaketlər təqdim olunub.

Rəsmi hissədən sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarsdakı Heydər Əliyev adına Təhsil Mərkəzi ziyarət olunub, kitablar hədiyyə edilib.

Simpoziumun ikinci hissəsində iştirakçıların elmi məruzələri dinlənilib. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova panellərdən birinə sədrlik edib. Departamentin əməkdaşları – prof. Bədirxan Əhmədov, dos. Zivər Hüseynli Baylan, fil.ü.f.d. Almaz Bədəlova, fil.ü.f.d. Yeqzar Cəfərli, Sevinc Allahverdiyeva, Mənsurə Əhmədova və Fərqanə Ələsgərli müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində dos. Dilbər Zeynalova Kafkas Universitetinin prorektoru prof. Selçuk Ural ilə görüşərək simpoziumun yüksək səviyyədə təşkili üçün təşəkkürünü bildirib və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Xəzər Universitetinin əməkdaşları, Kafkas Universitetinin nümayəndələri və digər elm adamları Türkiyə-Ermənistan sərhədində, Arpa çayı sahilində Azərbaycanın, Xəzər Universitetinin, Narın bayraqlarını dalğalandırıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->