"Ermənistanda neft emalı zavodunun inşası texniki baxımdan mümkündür. Lakin iqtisadi və geosiyasi reallıqlar nəzərə alınmadan bu ideyanı uğurlu layihə kimi təqdim etmək çətindir".
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Samvel Karapetyanın yaratdığı müxalif "Bizim yolumuz" hərəkatının hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanda neft emalı zavodu tikəcəkləri ilə bağlı vədinin iqtisadi əsaslarını və onun arxasında dayanan məqsədləri şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Ermənistanın öz neft ehtiyatları yoxdur və bu səbəbdən belə bir zavod tamamilə idxal olunan xammala əsaslanmalı olacaq:
"Bu isə logistik xərcləri artırır və məhsulun maya dəyərini regiondakı rəqiblərlə müqayisədə daha yüksək edir. Azərbaycan, Rusiya və İran kimi ölkələr həm xammal, həm də emal zəncirində ciddi üstünlüklərə malikdir. Bu fonda Ermənistanda tikilməsi ehtimal olunan zavodun rəqabət qabiliyyətli olması sual altındadır".
Ekspert qeyd edib ki, belə bir müəssisə nəzəri olaraq müəyyən sayda iş yeri yarada və regionun infrastrukturunun inkişafına təkan verə bilər:
"Lakin neft emalı zavodlarının artıq əvvəlki kimi "şəhərqurucu” rol oynamadığı da unudulmamalıdır. Müasir zavodlar yüksək avtomatlaşdırılıb və yüz minlərlə insan üçün kütləvi məşğulluq yaratmır. Üstəlik, Ermənistan bazarının kiçik olması istehsalın ixrac yönümlü olmasını zəruri edir ki, bu da tranzit imkanları, regional münasibətlər və siyasi risklər fonunda əlavə çətinliklər yaradır".
Həmsöhbətimizə görə, bu ideyanın məhz indiki mərhələdə gündəmə gətirilməsi təsadüfi deyil:
"Azərbaycan–Ermənistan arasında iqtisadi təmasların artması, xüsusən enerji sahəsində mümkün əməkdaşlıq perspektivləri revanşist və radikal dairələrin arqumentlərini zəiflədir. Bu səbəbdən onlar cəmiyyətə guya "alternativ inkişaf modeli” təqdim etməklə mövcud hakimiyyətin və regional əməkdaşlıq gündəminin təsirini azaltmağa çalışırlar. Belə vəziyyətdə real iqtisadi hesablamalardan daha çox emosional və populist mesajlar ön plana çıxır. Nəticə etibarilə, Ermənistanda neft emalı zavodunun tikilməsi kağız üzərində mümkün görünsə də, hazırkı şəraitdə bu layihə uzunmüddətli və dayanıqlı iqtisadi sıçrayış vəd edən təşəbbüsdən daha çox, seçki təbliğatı və siyasi ritorikanın tərkib hissəsi kimi görünür. Məqsəd iqtisadi səmərəlilikdən çox, daxili auditoriyanı səfərbər etmək və regional yaxınlaşma proseslərinə kölgə salmaqdır".
ReAL Partiyasının sədri Natiq Cəfərli də hesab edir ki, Ermənistanda neftayırma zavodunun inşası üçün bazar həddən artıq dardır:
"2–3 milyonluq bazar üçün neftayırma zavodu tikmək sərfəli deyil. Hətta kiçik bir zavodun inşası üçün belə milyonlarla dollar investisiya tələb olunur. Ona görə də bu cür zavodun Ermənistanda tikilməsi ehtimalı olduqca aşağıdır. Tiksələr belə, xam nefti Azərbaycandan almağa məcbur qalacaqlar".
Qeyd edək ki, hazırda ev dustaqlığında olan biznesmen Samvel Karapetyanın yaratdığı müxalif "Bizim yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan hakimiyyətə gələcəkləri təqdirdə Vanadzorda neft emalı zavodu tikəcəklərini vəd edib. Onun sözlərinə görə, bu layihə nəticəsində Ermənistan İrəvandan əlavə, daha bir sürətlə inkişaf edən və iqtisadi cəhətdən güclü şəhər qazanacaq. Xatırladaq ki, Ermənistanda indiyədək neftayırma zavodu olmayıb. Bu səbəbdən ölkə benzin və dizel yanacağını tamamilə xaricdən idxal edir.
Rüfət Sultan
Şərhlər