Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan, Rusiya və Ermənistan daxil olmaqla regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib.
Rusiya XİN-in rəsmisi yuxarıda qeyd olunan məsələ barədə razılığın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunduğunu xatırladıb.
"Bu istiqamətdə işləri aparmaq üç ölkənin Baş nazirlərinin müavinlərinə tapşırılıb. Üç ölkənin mütəxəssisləri tərəfindən kommunikasiyaların bərpa olunması üçün vacib tədbirlərin görülməsi ilə bağlı ekspert analizi aparılıb. Bu, prinsipcə yaxın perspektivdə birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə icazə verəcək. Ümid edirik ki, işçi qrup yaxın vaxtlarda öz fəaliyyətini liderlərin üçtərəfli bəyanatlarına müvafiq olaraq bərpa edəcək”, - deyə M. Zaxarova vurğulayıb.
Şərhlər