Asif Nərimanlı

Blogger
Yazılar
87
Qazaxıstandan sonra hansı ölkələr hədəfdir?

Qazaxıstandan sonra hansı ölkələr hədəfdir?

Asif Nərimanlı

Qazaxıstanı müzakirə etmək üçün keçirilən KTMT toplantısında növbəti hədəf açıq şəkildə elan edildi: Özbəkistan.

Lukeşanko bildirdi ki, "Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib”. Putin də Qazaxıstanda baş verənləri "beynəlxalq terrorizmlə” əlaqələndirdi. Bu, KTMT-nin müdaxiləsini legitimləşdirməklə yanaşı, region ölkələrini gözləyən "təhlükənin” də elan edilməsidir. Putin gerçək niyyətini də Lukaşenkonun dili ilə çatdırır.

Niyə Özbəkistan?

Özbəkistan 2012-ci ildə KTMT-dəki fəaliyyətini dayandırıb, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda təmsil olunsa da, Nazarbayev Qazaxıstanından belə daha müstəqil xəttə malik ölkədir.

Mərhum İslam Kərimovun zamanında Özbəkistan qapalı və Rusiya-Çin-Qərb üçbucağında balans siyasətinə üstünlük verirdi. Bu siyasi xətt daxildə iki klan arasında bölüşdürülmüşdü:

Səmərqənd klanı: Kərimovun da məxsus olduğu bu klanın əsas aparıcı şəxsi həmin vaxt baş nazir olan (hazırkı prezident) Şövkət Mirziyoyev idi; 
Mirziyoyev Putin hakimiyyətinə yaxın özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələrinə malikdir, o cümlədən, Çinlə isti münasibətləri var, hələ Kərimovun zamanında Pekinlə ticarət şəbəkəsi formalaşdıra bilmişdi;

Daşkənd klanı: bu klanın əsas aparıcı şəxsi Şövkət Mirziyoyev baş nazir olduğu vaxt onun müavini olan Rüstəm Əzimov idi. Əzimov rəsmi Daşkəndin Qərbdəki bütün əlaqələrini həyata keçirirdi;

(Üçüncü, lakin daha zəif olan Fərqanə klanı da var).

Kərimov Səmərqənd və Daşkənd klanı arasında yaratdığı balansı klanlar üzərindən Rusiya-Qərb münasibətlərində də tətbiq edirdi. Onun ölümündən sonra daha güclü olan Səmərqənd klanının üzvü Şövkət Mirziyoyev prezident postuna gəldi və islahatçı lider kimi ölkəsi üçün müəyyən addımlar atdı da. 2017-ci ildə Rüstəm Əzimov postundan istefa verdi və hazırki prezidentə "sədaqət andı” içdi. Bundan sonra Qərbin Özbəkistanda təsir imkanları daha da zəifləyib, lakin Mirziyoyev Qərblə münasibətlərə də önəm verir. Və Özbəkistanı Rusiya-Çin-Qərb üçbucağında qoruya biləcək siyasət yürüdür. 

Son dövrlər Daşkəndin Ankara ilə münasibətləri xüsusilə seçilir: 

- Mirziyoyev ölkəsini 2019-cu ildə Türk Şurasına üzv etdi;

- Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinə, türk birliyi istiqamətində inteqrasiyaya töhfə verir; 

- 2000-ci illərdən sonra Türkiyə ilə əlaqələri faktiki kəsən Kərimovdan fərqli olaraq, 2017-ci ildə Ankaraya səfər etdi və bu səfərlə münasibətlərdə yeni mərhələ başlandı;

- 2020-ci ildə Özbəkistan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalandı: bir il sonra Rusiya ilə də 5 illik hərbi əməkdaşlıq sazişini imzalamaqla balansı qorudu, hərçənd, hərbi və digər istiqamətlərdə Ankara-Daşkənd münasibətlərinin Daşkənd-Moskva münasibətlərinə nisbətən daha öndə olduğu müşahidə edilir;

"Niyə Özbəkistan” sualının cavabı bəllidir:

Birincisi, Qazaxıstandan sonra bölgədə türk birliyinin aparıcı ölkəsi ola biləcək potensiala sahibdir;

İkincisi, Moskvanın "ittifaq planı” Mərkəzi Asiyada Özbəkistansız yarımçıq qalacaq;

Üçüncüsü, Daşkənd bölgədə müstəqil oyunçu olmağa çalışır və bu, bölgəni üçüncü tərəflərə daim açıq saxlayır;

Qazaxıstan ssenarisini Özbəkistanda həyata keçirmək çətin deyil: Əfqanıstanda fəaliyyət göstərən ekstremist Özbəkistan İslam Hərəkatı "terror təhlükəsi”nin yaradılmasında potensial bəhanədir;

Özbəkistanda "terror təhlükəsi” artarsa, KTMT qüvvələri bu ölkə ilə sərhəd olan üzv ölkələrini qorumaq adı ilə sərhədlərə yeridilə bilər və Daşkənd həm "terrorun yayıldığı”, həm də "terrora məruz qalan” ölkə kimi rus ittifaqlarına yenidən daxil olmağa məcbur edilə bilər.

Hədəfdə olan digər ölkə kimi Qırğız Respublikası görünür: rəsmi Bişkek rus ittifaqında yer alsa da, yeni hakimiyyət müstəqil xətt yürütməyə meyllidir, xüsusilə prezident Japarovun millətçi keçmişi və mövcud mövqeyi bunu deməyə əsas verir. Japarovun KTMT-nin Qazaxıstanın müzakirə edildiyi iclasına qatılmaması da bu kontekstdə diqqət çəkir. Qırğız-Tacikistan sərhədindəki gərginlik müdaxilə üçün güclü əsaslardan biridir.

OXŞAR XƏBƏRLƏR

X