Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib.
Qaynarinfo xəbər verir ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tura başlayıb. İlk oyun günündə iki matç baş tutub.
Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olub. Burada şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi” qarşılaşıb. Son illər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın ilk 7 turda cəmi 6 xal qazanması baş məşqçi Sənan Qurbanovun kreslosnu laxlatmışdı. "Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdi. "Ağ-qaralar” cari çempionatda "Qarabağ”la birgə "məğlubedilməzlər" ünvanını qorumaqda idi.
Lakin "Neftçi" mövsümün ilk məğlubiyyətini Qəbələdə alıb - 1:3. Ceyms Adeniyinin dubl etdiyi oyunda Stiven Monroz bir qol vurub. Özü də "Qələbə" 67-ci dəqiqədə Təmkin Xəlilzadə meydandan qovulduğu üçün azlıqda oynamalı olub. "Neftçi" isə təsəlli qolunu 90+4-cü dəqiqədə vurub. Oyunun son dəqiqələrində Kvame Karikari fərqlənib. Bu "Qəbələ"nin 6 turdan sonra ilk qələbəsi olub.
"Qəbələ” və "Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. "Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb. Komandalar arasında cari mövsümün ilk turunda baş tutan oyunda "Neftçi" qələbə qazanıb - 2:1.
Günün ikinci matçı çempion "Qarabağ”la "Səbail” arasında olub. Ehtiyatda bir oyunu olan "Qarabağ" Abdullah Zubirin vurduğu qolla minimal hesablı qələbə qazanıb. "Qarabağ" "Neftçi"dən bir oyun az keçirsə də, eyni xalla turnir cədvəlinin 1-2-ci pilləsini bölüşür. 10 xala malik "Səbail" isə "Sumqayıt” və "Sabah”la birgə 3-5-ci pillələri bölüşür.
Qeyd edək ki, tura sabah "Sumqayıt" - "Sabah" və "Keşlə" - "Zirə" oyunları ilə yekun vurulacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər