Türkiyədə siyasi gərginlik davam edir.Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının referendumda AKP iqtidarına dəstək verməsi partiyada parçalanmaları qaçılmaz etdi. MHP-dən ayrılan Meral Akşener artıq yeni partiya yaratmağa və qarşıdan gələn prezident seçkilərində namizəd olmağa hazırlaşır.Qısa zaman kəsiyində yüksək nüfuz qazanan xanım siyasətçinin 2019-cu ildə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib ərdoğana ciddi rəqib olacağı gözlənilir.
Hətta bəzi iddialara görə Meral Akşenerə Türkiyənin sabiq prezidenti Abdulla Gül də ciddi şəkildə dəstək verir.Akşenerin siyasi nüfuzunun qısa zamanda artması bir sıra qaranlıq məqamları ortaya çıxarır.Belə ki, xanım siyasətçinin Ərdoğana qarşı olan Qərbin siyasi layihəsi olduğu iddia olunur.
Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında Meral Akşenerin birdən-birə siyasət meydanına atılmasını, hətta prezidentliyə namizəd olmasını təsadüf hesab etməyib:
“Nəzərə almaq lazımdır ki, Meral Akşener MHP iqtidarında təmsil olunmuş və yüksək post tutmuş siyasətçidir. Sonradan o partiyanın sədri Dövlət Baxçalını Ərdoğan iqtidarı ilə sövdələşməyə getməkdə ittiham elədi və yeni partiya yaradacağını, 2019-cu il seçkilərinə qatılacağını bəyan etdi. Güman edirəm ki, Türkiyənin Qərblə münasibətlərində maraqlı olan iri media maqnatları və Qərbin xüsusi xidmət orqanları Akşener personasını bilərəkdən qabardırlar.Məqsəd isə Ərdoğanın elektoral bazasını parçalamaqdır.Nəzərə almaq lazımdır ki, referendumdan sonra Türkiyə prezident üsul idarəsinə keçib.2019-cu ildə Ərdoğan yenidən prezident seçilərsə Qərbin maraqlarına cavab verməyən siyasi gedişləri davam etdirəcək.Çünki artıq Ərdoğanın perspektivdə Türkiyənin Avrasiya İttifaqına qoşula biləcəyi haqqında bəyanatları, Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində fikirləri Qərbdə kifayət qədər narahatçılıq yaradıb. Digər tərəfdən Ərdoğanın İraq ərazisində “Kürdüstan dövləti”nin yaradılmasına münasibəti bəllidir. Ərdoğan açıq şəkildə Qərbi və ABŞ-ı bu layihəyə maliyyə və siyasi yardımını dayandırmağa çağırıb.Amma təəssüflər olsun ki, ABŞ və Türkiyənin müttəfiqi sayıla biləcək NATO dövlətləri Türkiyənin bu narahatçılığını nəzərə almırlar”.
Politoloq Qərbin bu məsələdə sadəcə olaraq öz maraqlarından çıxış etdiyini bildirib:
“Qərbin məqsədi təbii ki, yeni dünya nizamının qurulması üçün nəzərdə tutulan layihələri həyata keçirməkdir. Rusiyada Putin, Türkiyədə Ərdoğan dünya üçün nəzərdə tutduğu layihələri həyata keçirən “məxfi dünya hökumətinin” ciddi probleminə çevrilib. Ona görə də təbii ki, məlum dünya strukturu Ərdoğanın növbəti dönəmdə Türkiyəyə rəhbərlik etməməsi üçün əlindən gələni edəcək.Açıq şəkildə görünür ki, bu layihələrin arxasında Türkiyənin iqtisadi, siyasi, hərbi inkişafını istəməyən qüvvələr durur.Hesab edirəm ki, Meral Akşener məhz bunun üçün Qərbin Türkiyə iqtidarına gətirmək üçün hazırladığı siyasətçidir.Ancaq bütün hallarda son söz Türkiyə xalqınındır.Çünki Türkiyə hakimiyyətinin mənbəyi xalqdır.Düşünürəm ki, Ərdoğan iqtidarı Meral Akşenerin nə üçün siyasi meydana gətirildiyini açıq şəkildə ictimaiyyətə təqdim etsə, onun seçkilərdə qazana biləcəyi uğurunun qarşısını ala biləcək.Yox əgər Türkiyə müxalifəti, xüsusilə də CHP Meral Akşenerə Qərblə yaxşı münasibət prizmasından yanaşsa, şübhə etmirəm ki, Ərdoğan növbəti seçkilərdə məğlub olacaq.Hesab edirəm ki, Qərb Türkiyəni özünün hazırladığı qəlibə salmaq istəyir.Bu layihə üçün düşünülmüş lider isə məhz Meral Akşenerdir”.
Elşən Manafov hesab edir ki, Rusiya Ərdoğana dəstək verəcək:
“Rusiya isə Ərdoğanın hakimiyyətdə qalması üçün mütləq mənada nəzərdə tutulan bütün addımları atacaq. Çünki məhz Ərdoğan iqtidarı dövründə Türkiyə və Rusiyanın maraqlarına cavab verən iri layihələrə imza atıldı. “Cənub axını”nın reallaşması üçün Türkiyə iqtidarının razılığı alındı. Suriya məsələsində mövqeləri fərqli olsa da, Rusiya Yaxın Şərq məsələsində Türkiyənin maraqlarını nəzərə aldı.Doğrudur, Türkiyə ilə Rusiya arasında yaşanan “pomidor müharibəsi”ndə hələ də razılıq əldə olunmayıb.Bu isə Rusiyada fəaliyyət göstərən oliqarxların mövqeyi ilə bağlı olan məsələdir.Amma bütün hallarda düşünmürəm ki, bu məsələ Ərdoğan-Putin münasibətlərinə xələl gətirsin.Ona görə də hesab edirəm ki, Rusiya hər bir halda Ərdoğanın iqtidarda qalmasına dəstək verəcək.Faktiki olaraq Meral Akşenerin hakimiyyətə gəlməsi təkcə Rusiya ilə deyil, ümumiyyətlə Yaxın Şərqdə yeni proseslərin başlamasına start verəcək.
Qeyri-qanunu yollarla olsa belə, Rusiya Ərdoğana maliyyə, siyasi və digər istiqamətlərdə dəstək verməkdən çəkinməyəcək.Təbii ki, Rusiyanın xüsusi xidmət orqanları da Türkiyə baş verə biləcək neqativ hadisələrin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.İstisna etmirəm ki, Türkiyədə Ərdoğan iqtidarının zəfiliyini göstərmək üçün Qərb beynəlxalq terrorizmin dəstəyi ilə müxtəlif aksiyalar da keçirəcək.Güman edirəm ki, Türkiyənin bu cür hadisələrdən sığortalanmaq üçün Rusiya xüsusi xidmət orqanları ilə çox ciddi əməkdaşlığa ehtiyacı olacaq.Bir sözlə, Ərdoğanın hakimiyyətdən getməsi yalnız Qərbin maraqlarına cavab verəcək”.
Qaynarinfo.Az
Şərhlər