Vüsal Bağırlı
Qərbənd toponimi orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. XIX əsrə aid rus məxəzlərində kəndin adı Qerravend kimi yazılır, yaşlı kənd sakinlərinin dilində Geravənd kimi tələffüz olunur. Bəzi tədqiqadçılar kənd əhlinin Kəbirli tayfasının bir qolu olduğunu, digər alimlər isə oykonimin Gərayvənd tayfası ilə bağlandığını iddia edirlər.
Vikipediya məlumatlarından
Şanlı ordumuz tərəfindən azad edilmiş ilk yeddi kənddən biridir Qərbənd. Düzdür rəsmi xəbərlərdə, saytlarda kəndin adı nəyə görəsə Qərvənd kimi qeyd olunurdu. Lakin, mənim doğum şəhadətnaməmdə anadan olduğum yer qrafasında "Qərbənd” sözü həkk olunmuşdur və yerli sakinlər də, kənd əhli də bu yaşayış məskəninin məhz bu cür adlandırırlar.
Uşaq vaxtı kəndə mənim zaman ölçümə görə, çox gec-gec gedərdik. Uzun bir yolun son dayanacağında, avtomobillə Merdinli kəndini ötüb, düz yolla Füzuli şəhərinə deyil, qəribə, qədim təpəcəyin yanındanca Köndələn çayının üzərində salınmış körpüyə tərəf istiqamətlənirdik. Demək ki, artıq çatmışıq. Səfərimizin bu məqamında xeyli vaxtdan bəri avtomobil sürən yol yorğunu atamın kefi kökəlirdi. Zarafat etməyə başlayırdı. Ovuclarını sükana döyəcləyərək nağara çalır, anam hansısa oynaq xalq mahnısını zümzümə edirdi.
Körpünün o tərəfində, əvvəl Seyidmahmudlu kəndi, sonra sıralanıb gedən sovxoz üzümlükləri, sonra da təpə ilə dağın arasında tərəddüd edən Məcihlinin lap dibindəki qəribə kənd, Qərbənd boylanırdı.
Əvvəl ənənəyə uyğun olaraq, ata babamgilə gedirdik. Lakin orada qərar tuta bilmirdim. Səbirsizlənirdim. Köhnə məktəbin, kəhrizboyu tozlu yolun o biri tərəfində, yalın altında yerləşən ana babamgilə can atırdım. Çünki orada, keçirəcəyim bütün tətil müddəti boyu hüdudsuz uşaq azadlığı, səmada süzən quş sərbəstliyi əldə edəcəkdim. Çünki orada yaşıdım, dostum, xalaoğlum Rəşadla görüşəcəkdim.
***
Bir neçə ay bundan əvvəl "feysbuk”da bir şəkil diqqətimi cəlb etmişdi. İki şəxs (güman ki, erməni) elə də dərin olmayan bir dərədə, torpaq üzərinə hörülmüş, bəzi yerləri uçub tökülmüş kərpiclər fonunda yanaşı dayanıb, obyektiv önündə poza verirdilər. Sifətlərindəki ifadədən keflərinin yetərincə kök olduğu yəqin idi. Arxada üzərini ara-sıra kol-kos basmış, tikanlar, qanqallar bitmiş, bəzi yerləri uçub dağılmış kərpiclərin arasında nazik su şırımları nəzərə çarpırdı.
Təəccübləndim. Gümanlarıma əmin olmaq üçün şəkili tez telefonumun yaddaşına yükləyib, axşam atamla-anama göstərdim. Heyrətlə üzümə baxdılar. Sual verdim: "Bura həmin yerdirmi?
Sevincək oldular.
Bəli, doğma kəndimizdir, – söylədilər – Qərbənd kəhrizidir.
Valideynlərimin şiddətli sorğu-sual gülləbaranına rəğmən şəkilin necə, hansı şəraitdə, kim tərəfindən əldə edildiyini bilmirdim. Amma təsvirdəki yerin, xatirələrimə, uşaqlıq yaddaşıma hopmuş doğma məkanın kəndimiz, Qərbəndimiz olması şübhəsiz idi.
Adətən belə şeylər çox olurdu. Rusiyada yaşayan ermənilər, yüksək pul məbləği qarşılığında işğal olunmuş yerlərin şəkillərini çəkib, orada yaşayan soydaşlarımıza gətirirdilər. Beləcə hər iki tərəf razı qalır, şəkili çəkən həm qazanır, həm göz dağı verirdi. Şəkili əldə edən isə vaxtilə doğulduğu, boya-başa çatdığı doğma məkanlara baxıb az da olsa təskinlik tapırdı.
O, vaxt şəkilə baxarkən heç bilməzdim ki, 1993-cü ildən bəri işğal altında olan Qərbəndin düşmən tapdağından azad olunmasına cəmi-cümlətani bir neçə ay qalır.
***
1993-cü il avqustun 14-də, valideyinlərimin işi ilə əlaqədar köçüb yaşadığımız İmişli rayonundan doğma kəndimizə, Qərbəndə səfər etmişdik.
On birinci sinifə adlamışdım və həmin yay mənim son məktəb tətilim idi. Dərslər açılana qədər kənddə qalacağımı düçündükcə, dərin sevinc hissi keçirir, şadlığımdan atılıb-düşürdüm.
Lakin, kəndimiz təhlükəli zonada, cəbhə bölgəsində yerləşirdi və işin tərsliyindən, həmin gün ermənilər oranı həmişəkindən daha çox qrad atəşinə tutmuşdular.
Mərmilərdən biri kəndin lap ortasına, orta məktəbin arxasına düşdü və elə tozanaq, elə gurultu qaldırdı ki, bu səs-küyə bir növ adətkar olmuş babamgildən fərqli olaraq, biz bərk qorxu və həyəcan hissi keçirdik. Partlayış mənim kənddə qalacağımla bağlı ümidlərimin rişə vermiş kökünü dibindən baltalayırdı.
Biz həmin gün İmişliyə qayıdarkən, heç ağlımıza da gəlməzdi ki, elə səhərisi gün erməni tankları, qoşunları kəndə yeriyəcək, camaat, kənd əhli itki, əsir olmasa da, pərən-pərən düşəcək və bu son otuz il il üçün Qərbəndə son səfərimiz olacaq.
***
Beynimdə həzin-həzin dalğalanan xatirə dənizinə baş vururam. Kəndimizlə bağlı uşaqlıq xatirələri davam edir...
Budur, üçüncü ya dördüncü sinifdə oxuyuram, yay tətili yenicə start götürüb və mən axır ki, kəndə təşrif buyumuşam. Hər şey kinolent ardıcıllığı, duyğu orqanlarının hissetmə dəqiqliyi ilə gözlərim önündə, beynimdə, hiss orqanlarımda canlanır, əks olunur.
Otu, çəməni dizədək boy atan əsrarəngiz meyvə bağı. Ot çalımına hazırlaşan ana babamın əlindəki dəryazı xarta-xurtla itiləməsi. Yeni çalınmış və bir-birinə dolaşmış ələfin, çiçəyin, yoncanın kəskin iyi, ətrafda uçuşan, vızıldaşan müxətlif həşəratlar, cücü-mücülər. Dəvə hürgücünü xatırladan, ətri adamı bihuş edən yastı taya. Vaxtımın çoxu, ya cərgə ilə xeyli meyvə ağacı əkilmiş div bağın sağ tərəfindəki zoğallığın arasında, ya nəhəng qoz ağacına bərkidilmiş turnikin üstündə, ya da nənəmin yeni qaladığı və çörək bişirməyə hazırlaşdığı təndirin ətrafında keçirdi.
Bir yerdə dayanmırdım, sapand düzəldirdim, qarğı at çapırdım, məftil arabası sürürdüm, ərik, əncir ağaclarına dırmanırdım. Xalaoğlu ilə min oyundan çıxırdıq. Hər anımız macəra, hər günümüz sərgzüzəşt olurdu.
Kəndin feldşer – həkimi olan babam universal bacarıq sahibi idi. Mütəxəssis çatışmazlığından, məcburən bütün xəstəliklər üzrə ixtisaslaşmışdı. Kişi heyvanları da sağaldırdı, bitkiləri də, insanları da. Məni bəzən iş yerinə aparardı. İçərisinə qorxa-qorxa ayaq basdığım, ehtiyatla addımladığım, otaqlarına spirt, yod, komfra iyi hopmuş birmərtəbə binadan heç xoşum gəlməzdi.
Uşaqlıq yaddaşı dolğun, rəngarəng olur. Sanki hər şey dünən baş vermişdir.
Babamgilin evi. Üst evdə (evin yuxarı mərtəbəsi belə adlanırdı) dayım Fikrətin mini kitabxanaya çevrilmiş, sıx dolduğundan, qapısını açarkən içindəki spesifik qoxulu cildliklərin aş qala üstünə aşıb töküldüyü dolab gəlir gözlərim qarşısına.
Mənim kitaba, ədəbiyyata olan həvəsim, islaholunmaz mütaliə hərisliyim, içərisinə Çek London, Teodor Drayzer, Rabindranat Taqor, Mark Tven, Herbert Uels, Viktor Hüqo, Çarlz Dikkens və həmin dövrlər populyar olan, sovetlər birliyində nəşrinə və tərcüməsinə icazə verilmiş digər əcnəbi müəlliflərin əsərləri ilə başlamışdı.
***
Mehrac dayımın əsgərlikdən kəndə qayıdışını da xatırlayıram.
Uzaq diyarda, Macarıstanda, Balaton gölünün ətrafında xidmət etmişdi.
Yadımdadır, nənəm komandirin birbaşa evə göndərdiyi təşəkkür məktubunu və ordu qəzetində haqqında yazılmış məqaləni fəxrlə bizə göstərir, onun fotoşəkildən boylanan sovet əsgəri formasındakı qəzəbli baxışlı, yenilməz duruşlu əliavtomatlı əksini sığallayırdı.
O vaxt mənim heç yeddi yaşım da olmazdı. Dayım bizim üçün qeyri-adi və sirli sayıla biləcək əhvalatlar danışır, trapesiya cins şalvar, balonka kurtka geyir, modern fikirləri ilə ucqar Qərbənddə Avropa həyat tərzini təbliğ edirdi.
Elə onun əsgərlikdən mənə gətirdiyi hədiyyələr də qəribə idi. Kubik-rubik, içində rəngbərəng saqqız güllələr olan plastmas naqan, oyuncaq kinomexanika qurğusu və sair. Həmin dövr üçün möcüzəli, sehrli əşyalar hesab olunan bu oyuncaqları bir dəfə sinfimizdə göstərdikdə, bütün uşaqlar geniş açılmış bəbəklərini, maraq və həsəd dolu nəzərlərini mənə dikmişdilər.
O, bizə karate dərsləri keçir, Şərqi Avropadan gətirdiyi bir çox yenilikləri (dəqiq, intizamlı davranış, yemək yeyərkən susmaq və tələsməmək) bizim üzərimizdə (xalaoğlu ilə mənim) sınaqdan keçirirdi.
Hərbi nizam-intizamı xoşlayırdı, sağlam həyat tərzini təbliğ edirdi və bizi özünün dediyi kimi, "Sparta üsulu” ilə bərkidirdi. Onun sərt əmrləri bizim üçün qanun idi. Rəşadla mən gah üz-gözümüzü turşudub hıqqanaraq şpaqat açır, gah turnikə dırmanır, gah qazyerişi yeriyir, gah da nəfəsimiz kəsilənə qədər qaçırdıq.
***
Yadımdadır, capcanlı gözlərim önündədir hamısı.
Dünyaya gətirdiyi onbir övladın Qəhrəman Anası Mirvari nənəmin qaymaqçəkən maşını, onun codlaşmış əllərindəki təndir, xəmir, küt getmiş çörək ətri. Övladlarının Eyvaz əmi adlandırdığı, indi 94 yaşında doğma Qərbəndinin azad olunduğunu eşidib "ölmədim, bu günü də gördüm” deyən Əvəz babamın fonedoskopu, hər dəfə qorxuyla baxdığım dəmir şpris qabları, mənə ən böyük nəvəsinə bir də toxunmaması üçün "bala çeşməyi qoy yerinə, taxma gözünə, kor olarsan” dediyi enli sağanaqlı eynəyi.
Diri-diri tutduğuma görə qorxub, sevinc qarışıq həyəcanla boğazlayıb öldürdüyüm qaz balaları. Məni əyləndirmək üçün dayımın bankanın içərisinə saldığı zırpı qurbağa. Xalam Güllərin məni bumbuz quyu suyu ilə çimdirərkən dediyim "zəllət eliyir” sözündən ləzzət alması.
Yanında çömbəlib, kiçik dayımın nəsə uzunsov bir şeyi çəkiclə döyəclədiyinə maraqla tamaşa eməyim, bu zaman - sonra təhlükə, ölüm saçan patron olduğu məlum olan - əlindəki həmin şeyin qəfil partlaması, nənəmin dəhşətdən bərəlmiş gözləri, dayımın qana boyanmış barmaqsız əli, mənim möcüzə ilə sağ-salamat qurtulmağım.
Bəli, Qərbənd mənfur yağı işğalından, düşmən tapdağından azad olundu və sanki bu qurtuluşla letargiya mərəzinə tutulmuş yaddaşım da oyandı, ölü bildiyim xatirələr dirildi.
İndi qalır bir şey, sentyabrın 27-si azad olunmuş həmin yerlərə, 27 ildən sonra yenidən baş çəkmək.
Bir sözlə, qayıdırıq, lap az qalıb....
Şərhlər