Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şöbəsinin sabiq rəisi Cavanşir Qədirov bəraət alıb.
Qaynarinfo xəbər verir ki, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
O Şirvan şəhər sakini Sarayxanım Abdullayevanın qətlində ittiham edilirdi.
İş materiallarında qeyd edilib ki, 2018-ci ildə DTX-nın yerli şöbəsinin əməliyyatı nəticəsində Sarayxanım Abdullayevanın oğlu Xəyal Abdullayev saxlanılıb.
Sarayxanım Abdullayeva əməliyyatın iştirakçılarından olan Rövşən Ağayev adlı DTX kapitanı ilə görüşüb və oğlunun azadlığa buraxılmasına yardım etməsini istəyib. Bunun müqabilində Rövşən Ağayevə 25 min manat pul verib. Lakin Xəyal Abdullayevin azadlığa buraxılması mümkün olmayıb.
Sarayxanım Abdullayeva isə xəbər göndərib ki, oğlunun buraxılması ilə bağlı apardığı danışıqları yazıb. Əgər oğlu buraxılmasa, həmin səs yazılarını DTX rəhbərliyinə göndərəcək. Rövşən Ağayev bunu Cavanşir Qədirova məruzə edib. Rəis də qadının verdiyi pulu qaytarmağı tövsiyə edib. Lakin işçisi Cavanşir Qədirova bildirib ki, qadın pulu istəmir, oğlunun azadlığa buraxılmasını tələb edir. İddialara görə, bu zaman Cavanşir Qədirov işçisinə qadını aradan götürməyi təklif edib.
Beləliklə, Sarayxanım Abdullayeva Rövşən Ağayevlə cinayət əlaqəsinə girən Xankərəm Kərəmov tərəfindən qətlə yetirilib. Lakin cinayətin üstü açılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Ağayev 19 il, Xankərəm Kərimov 17 il azadlıqdan məhrum edilib. Onlar qəsdən adam öldürməkdə təqsirli bilinib. Xəyal Abdullayevin həbsində hal şahidi kimi iştirak etmiş, sonradan onun anasıyla DTX əməkdaşı arasında vasitəçilik etmiş Mətləb Əmirov isə CM-in 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə təqsirli bilinib və ona 3 il həbs cəzası kəsilib. DTX-nın Şirvan şöbəsinin sabiq rəisi, polkovnik Cavanşir Qədirova qəsdən adam öldürmə ilə bağlı ittihamlar üzrə bəraət verilib. O, CM-in 312-1 və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə 3 il azadlıqdan məhrum edilib. Lakin prokurorluğun protesti nəticəsində Cavanşir Qədirovun cəzası artırılıb və o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş rəis isə Ali Məhkəməyə müraciət edib. Onun şikayəti təmin edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsi isə bu dəfə Cavanşir Qədirova bütün maddələr üzrə bəraət verib. Məhkəmə belə qənaətə gəlib ki, onun barəsində ittihamları təsdiqləyən mötəbər sübutlar yoxdur.
Seyid
Şərhlər