Ölkə 17:50 10.03.2020

Qəza baş verəndə niyə özümüzü kinoteatrda hiss edirik?

Təsəvvür edin ki, hər sürücü cəmi 3 saniyə dayanıb bu mənzərə baxır. Bir dəqiqə ərzində 20 sürücü dayanarsa, o zaman 3 kilometr arxada bu tıxacın müddəti 20 dəqiqəyə qalxır.

Bir həftə əvvəl Ziya Bünyadov prospekti ilə günün tıxac olmayan vaxtında hərəkət edirdim. Normalda həmin vaxt ümumiyyətlə tıxac olmur. Amma qarşıda Bakı Nəqliyyat Agentliyinin (BNA) xəbərdaredici lövhəsi qıp-qırmızı idi. Təbii ki, geriyə qayıtmağa yol yox idi. Məcbur hərəkət etməli idim. Təxminən yarım saat tıxacda addım-addım gedəndən sonra hadisə yerinə çatdım. Bizim hərəkət etdiyimiz deyil, əks istiqamətdə iki avtomobil bir-birinə yüngülcə dəymişdi. Hər iki sürücü əlində siqaret "sığorta”nı (sığorta şirkətinin nümayəndəsini - "MediaPost") gözləyirdilər. Bizim hərəkət etdiyimiz tərəfdə isə sürücülər avtomobilləri saxlayıb bu mənzərəyə tamaşa edirdi. Hətta bir-iki nəfər maşını yolun ortasında saxlayıb "kömək üçün” əks tərəfə də keçmişdi.

Yollarda bu cür tıxaclar tez-tez baş verir. Bir də görürsən ki, günün günorta çağı BNA tıxac barədə sosial şəbəkələrdə məlumat verdi. Səbəbə gəldikdə, yenə insanların qəzaya olan tamaşasıdır.



Adi riyazi hesablama aparaq. Təsəvvür edin ki, hər sürücü cəmi 3 saniyə dayanıb bu mənzərə baxır. Bir dəqiqə ərzində 20 sürücü dayanarsa, o zaman 3 kilometr arxada bu tıxacın müddəti 20 dəqiqəyə qalxır.

Hələ ki, insanlarda qəzaya olan kino marağının səbəbini özüm üçün müəyyən edə bilməmişəm. Yəqin ki, bunun üzərində psixoloqlar işləyib bir nəticəyə gələ bilərlər. Ortada heç bir hadisə olmadan əks zolaqda yaranan tıxac tamamilə məntiqsizdir. Məsələ burasındadır ki, saatlarla tıxacda məhz bu səbəbdən qalan sürücü də hadisə yerinə gələndə dayanıb həmin mənzərəyə baxır?! Bu yerdə beyin isə həqiqətən "error” verir.

Qəzanın miqyası bir az çox olanda isə əsl dəhşətli mənzərə yaşanır. Sanki həmin an həyat dayanır. Hamı yolun ortasında avtomobil saxlayaraq hadisəni videoya çəkməyi sanki özünə vəzifə hesab edir. Bu isə yüzlərlə sürücünün tıxacda qalmasına səbəb olur.

Təsəvvür edin ki, həmin vaxt "təcili yardım” maşınında xəstəxanaya çatdırılmalı olan xəstə ölür, digər yerdə yanğınsöndürən çata bilmədiyi üçün ev yanaraq kül olur. Yaxud, hansısa ciyanətin üstünün açmağa gedən polis həmin cinayətkarı əldən buraxır...

Bütün bunlar isə cəmi 3 saniyəlik marağın qurbanlarıdır.



Bu cür hallara qarşı mübarizənin bir neçə yolu var. Burada maarifləndirmə ilə yanaşı inzibatçılıq da rol oynamalıdır. Yolun ortasında avtomobili saxlayan sürücülərə Bakı Nəqliyyat Agentliyi dərhal cərimə tətbiq etməlidir. Həmçinin sürücülər birdəfəlik anlamalıdır ki, kiçik bir hadisəyə görə yolu bağlayıb "sığorta”nı gözləmək lazım deyil. Əlbəttə, burada sığorta şirkətlərinin də yaratdığı "qorxu sindromu” böyük rol oynayır. İnsanlar qanunlardan daha çox bu cür "qorxulardan” çəkinirlər.

P.S. Maraq yaxşıdır. Amma yüzlərlə insanın əsəbinə, stresinə səbəb olanlar bir daha düşünsələr yaxşı olar. Bu bəladan cəmiyyət olaraq qurtulmağın vaxtı isə şoxdan keçib...

Mənbə: mediapost.az