Xəbər lenti

Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək
Ekonomiks 18:35 20.04.2018

Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub. 

ASA-dan Qaynarinfo-ya istinadən xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, "Audatex Azərbaycan" şirkətinin nümayəndələri, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Aqşin Əlizadə, eləcə də, işçi qrupunun üzvü olan sığorta şirkətlərinin zərər tənzimlənməsi üzrə məsul şəxsləri iştirak edib. 

Görüş zamanı "Audatex Azərbaycan" şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb. Təklif edilən modellərdən biri amortizasiya, digəri isə auksion (hərrac) modelidir.

Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır. 

Auksion (hərrac) modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.

Görüş zamanı sığortaçılar tərəfindən hər iki model üzrə öz mövqe və yanaşmalar təqdim edilərək geniş müzakirələr aparılıb. Görüşün yekunu olaraq Auksion modelinin daha məqsədəmüvafiq olacağını bildirib. Lakin bu modelin və bununla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisələr üzrə zərər tənzimlənməsinin bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar verdilər. 

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun sayca ikinci görüşüdür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->