Pomidor yarpaqları və gövdəsi toksik maddələr saxlayan qara bəngotu və xanımotu bitkisinə yaxın qohumdur. Elə həmin keyfiyyətinə görə Avropada əvvəllər dekorativ bitki kimi yayılıb. Lakin çiçək ləklərini və çardaqları onunla bəzəsələr də, çox ehtiyatla davranırdılar.
"Qaynarinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta qara və ağ rəngli pomidorlar yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. Hesab edirlər ki, pomidor və ya tomat Perudan Avropaya gətirilib. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d’Oro-"qızıl alma" adı verilib. Peruda isə onu "tomatl"-"böyük giləmeyvə" adlandırırdılar.
Pomidor təkcə salatların bəzəyi deyil, öz sağlamlığının qayğısına qalan hər kəs üçün faydalı ərzaqdır. Alimlər belə hesab edirlər ki, onda olan ən əhəmiyyətli maddə likopindir. Likopin meyvələrə parlaq qırmızı rəng verən və orqanizmi sərbəst radikallardan qoruyan təbii antioksidantdır. Mütəxəssislərin dediyinə görə, onun antioksidant təsiri C və E vitaminlərindən qat-qat yüksəkdir.
Bundan başqa, alimlər pomidorda kalium, kalsium, maqnezium, dəmir, sink və orqanizmin normal işləməsinə cavabdeh olan kifayət qədər faydalı mineral maddələr aşkar ediblər. Pomidor ayaqüstü qəlyənaltıların şahı hesab olunur. Ondan salat hazırlamaq və ya iki yerə bölüb duzlamaq üçün çox vaxt tələb olunmur.
Haqlı olaraq pomidoru antidepresenat hesab edirlər. O, qanda olan serotonin və beyində "xoşbəxtlik hormonu" hazırlanmasını təmin edən başqa birləşmələrin miqdarını artırır. Ancaq qırmızı meyvə və giləmeyvəyə allergiyası olanlar ondan az istifadə etməlidirlər.
Qaynarinfo.Az
Şərhlər