Ölkə 15:31 16.01.2020

Qızı yandırılmış ananın ev istəməsinə xanım yazarlardan fərqli reaksiyalar

Tovuz rayonunda qətlə yetirilmiş 10 yaşlı Nərminin anası Aynurə İsmayılova Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Ana müraciətində onların Tovuzdan Bakıya köçürülməsini xahiş edərək ev istəyib.  

Faciəli şəkildə balası öldürülüb və sonra yandırılan ananın Prezidentdən ev istəməsi cəmiyyətdə böyük rezonans doğurub. Kimi ananı qınayır, balasının meyiti üzərindən gələcək həyatını düzətmək istədiyini, kimi isə onun nədənsə, kimlərdənsə qorxduğunu və bu səbəbdən də kənddən uzaqlaşmağa çalışdığını dilə gətirib.

Qaynarinfo bu məsələ ilə bağlı tanınmış xanım yazarlarımız arasında sorğu keçirib:

Nərminin anasının prezidentdən ev istəməsini necə şərh etmək, nə ilə əsaslandırmaq olar? 

Nazlı Ağayeva: "Bunun heç bir əsası yoxdur, ölkədə sosial durumu bərbad olan minlərlə insan var. Kirayələrdə yaşayan yaşlı-başlı insanlar var ki, məhz bu səbəbdən mədə dolusu yeməyə belə möhtacdılar. Nərminin anası öz evində yaşayır, ayaqüstədir. Qızını itirib, bəli, faciədir. Bakıya köçməklə qızı yerinə gələcəkmi və yaxud yaralar sağalacaqmı? Dərdlərdən qaçaraq onları sağaltmaq olmur. Hətta əksinə. Qızının "qatil”dən, onun ailəsindən qaçırsa, o ailədə bir ovuc əlsiz-ayaqsız adam var ki, durumları Nərminin anasından daha pisdir. Və əgər həmin adam cinayəti normal istintaqda qəbul etsə (ortada deyilən kimi zorla yox!), daşlar yerinə otursa, onun həbsdən çıxması Allah bilir nə qədər zaman aparacaq və yaxud heç çıxacaqmı? Bu qadın o halda kimdən çəkinib Bakıdan ev istəyir? Olaydan qaçmaqdırsa, özləri ictimailəşdirdilər. Gedib hüquq-mühafizə orqanlarının pilləkənində intihar təhdidi ilə durmaqdansa, qızının tapılmasını tələb etməkdənsə Xoşqədəm Baxşəliyevaının verilişinə çıxdılar. Bütün ölkənin bu insanlıq dramı ilə çalxalandığı zaman adamın yadına düşdüyü şeyə bax. Bunun heç bir əsası yoxdur”.

Narıngül Nadir: "Bu məsələ son günlər sosial şəbəkədə çox müzakirə olunur. Əksər insanlar da ananı qınayırlar. Daha çox eyni istiqamətdən hadisəyə yanaşırlar və bunun övladının qanı bahasına aparılan bir alver kimi qiymətləndirirlər. Amma mən hadisəyə başqa rakursdan yanaşıram və ananı qınamıram. Ana üçün bu faciə yaşanıb. Ola bilsin o, bu ağrını bir qədər fərqli çəkir. Yəni, hamının gözlədiyi kimi üz-gözünü cırmır, dizinə döyüb nalə etmir, filan... Amma o boyda ağrını daşıyır. Bu ağrını onun kimi heç kim duya bilməz. Bəlkə qızından sonra o kənddə yaşamaq ona ağır gəlir. Nədənsə qorxur, ehtiyat edir. Məncə, onun bu arzusunu yerinə yetirsələr, yaxşı olar. Bir dərdli insanın üzərinə bu qədər hay-küylə gedilməsini düzgün hesab etmirəm”.

Səhər Əhməd: "Övladını itirmiş bir ananı qınamaq çox çətindi mənə. Bu barədə düşünmək belə çətindi. Amma təbii ki, yaxşı bir şey deyil. Övladını itirmiş bir ana niyə Bakı haqqında düşünsün ki? Əgər ona həmin kənddə qalmaq çətindisə, başqa yer seçsin. Niyə Bakı? Bu addımın qorxudan atılmasına həqiqətən inanmaq istərdim. Əksini düşünmək dəhşətdi”.

Rəbiqə Nazimqızı: "Sadəlövh yanaşmalı olsaq - çox istəyərdim ki, belə yanaşa bilim - deyərdim, dərddən başını itirib, nə etdiyini bilmir. Amma deyə bilmirəm. Eyni situasiyanı ən qatı düşmənimə də arzulamıram. Amma istənilən halda başına faciə gəlmiş ananın yadına ev - özü də Bakıda ev istəmək düşməməlidi. Çox pis tendensiya yaranır, kimə bir faciə üz verirsə, ajiotaj yaranmasından istifadə edir, fürsət bilib prezidentdən ev istəyir. Mən bunu hər hansı şəkildə əsaslandırmaqda acizəm”.

Çinarə Ömray: "O xanıma kimsə deyib ki, "fürsətdir dövlətdən nə qopartdın, qopartdın", o da tələsiyə düşüb. Çox arxayındı. Bu rahatlığın bir neçə səbəbi var. Ya adam o qədər ali düşünür ki, ölümün haqq olduğunu bu cür rahat həzm edə bilir. Və hər kəsin irəliyə baxmasını düşünür. Ya da ona kimsə deyib ki, "harda ailəsindən bezən, harda evdən qaçan varsa, Bakıya yığışıb". O da buna görə gəlmək istəyir. "Ya da"lar çoxdu, amma övladını itirməyən biri kimi onu anlaya bilmərəm. Əmimin qəbrinin üstünə gedəndə babam qəribə olurdu. Elə bil, utanırdı qəbirdən. Nənəm də son nəfəsinə qədər "ölmə bala, ölmə bala" deyib ağladı. Hansının daha yaxşı olduğunu mən də bilmirəm heç”.

Bircə Xanım: "Bu hadisə mənim ömrümdən ömür aldı... Dünənə qədər liftə tək minməyə, qaranlıqda bayıra çıxmağa qorxurdum. Uşaqlıqdan olan qarabasmalarım yenə baş qaldırmışdı. Evimin hər divarından o kişinin gözləri mənə baxırdı. Ananın dünənki müraciəti bir az səbbimi aldı, toxtadım. İnsanların faciəyə yanaşmaları müxtəlif olur. Ananı savadsız, anlaqsız, gönüqalın adlandıranlar da oldu. Mənim yaşadığım kənddə adını belə yaza bilməyən şəhid anası baltayla üstü betonlanmış qəbri çapıb oğlunun qanlı çəkmələrini evinə gətirdi. Yoldaşımın əmisi oğlu cavan öldü, ana 40 gün qəbrin üstündə yatdı, özünü məhv elədi. Nərminin taleyini yaşamış, amma o qızcığazı əmi maşınıyla əzdi, nənə gizlədi, qızın anası havalandı, dəhnədə oğlunu öldürən qardaşları həbs elətdirdi, qalan külfəti kənddən sürgün eləyən ana da gördüm. Bu qadın bir başqa cürə gözümə dəydi. Başına fəs kimi basdığı papağı görəndə mənə elə gəldi ki, ananın ruh halı yerində deyil. Bir qara yaylıq yoxuydumu o evdə? Hərdən də qınamıram onu. Onun ürəyi, ana dünyası faciəsini bu qədər görür, belə qiymətləndirir. Heç vaxt o ana qaranlıq gecələrdə qatillə burun-buruna qalan balasının nə düşündüyünü ürəyindən keçirə bilməz. Orda yaşamaq istəmirsə, düşmənlərini kənddən çıxartsın. Heçmi o nəsildə bir ağsaqqal olmadı qadının bu istəyini açıb-ağartmağa mane olsun? Körpəsinin meyidi soyumamış çırmanmağa qoymayaydılar gərək. Körpəcə qəbri qoyub gələ bilirsə, gəlsin. Hardan bilir ki, ovcunda qalan o biri qızını Bakı kimi qəddar şəhər udmayacaq? Hardan bilir ki, yağışdan çıxıb yağmura düşməyəcək? Hardan bilir ki, Nərminin meyidi üstündə tikilmiş o ev o biri qızına cəllad olmayacaq? Hərdən də qınamıram o qadını. Çox əsəbiyəm, əllərim əsir”.

Günel Natiq: "Heç kim kənardan faciəni yaşayan insan kimi hiss edə bilməz. Biz yalnız mülahizə yürüdə, əslində, məsələnin necə olduğunu təxmin edə bilərik. Məncə, bu zavallı bir qadındır, məhdud dünyagörüşlüdür, nə baş verdiyini bəlkə də tam olaraq dərk edə bilməyib. Bəlkə də hadisənin şoku içindədir. Mən bu qadının üzünə baxanda yalnız faciə görürəm, ev tələbi və başqa şeylər ətrafdakıların fikri də ola bilər. Bəlkə də yaxınları bu müracəti etməyə sövq ediblər. Hər çətin vəzyyətdən öz xeyri üçün nəsə əldə etməyə çalışan insanlar hamımızın ətrafında var. Hər halda bu qadın böyük faciə yaşayıb, hələ də bu qeyri-müəyyənliklərin içindədir, onu üstünə bu şəkildə getmək, ittiham etmək qətiyyən doğru deyil”.

İradə İsaq: "Elə də "ev istəmək" məsələsinə təəccüblənirik ki... Nə birinci, nə sonuncu deyil ki, bu hadisə. Övladının, yaxının qanını batıran nə qədər insan olub göz önümüzdə. Səbəb nədir bəs? Hardandır bu "fürsətdən istifadə etmək" istəyi insanımızda? Kitabdan, mədəniyyətdən, təhsilli cəmiyyətdən uzaq olan insanın təəkkürü nə olacaq ki? Gödəniyyət! Daha əvvəlki rayon ab-havası yoxdur. Kəndlərdə insanlar tamamən sosiallıqdan, mədəni tədbirlərdən, sivilizasiyadan kənar vəziyyətdədirlər. Vətəndaş, şəxsiyyət kimi oralarda yetişəcək mühit yoxdur. Onları bu dünyaya çanaq anteni və tiktokdan, bir də çətin güzərandan başqa heç nə bağlamır. Onlar parıltılı studiyalardakı verilişlərinizə baxmır təbii ki... Onların öz baxdıqları var. Və o cür mühitdə yaşayanlardan dahi addımmı gözləyirsiniz? Onları seçkidən tutmuş bayrama qədər heç nə maraqlandırmır. Amma hamısı ona görə Bakıya qaçır ki, o bataqlıqdan qurtulsunlar. Çünki insan beyni inkişaf istəyir. Bir də o ailələrin əlinə belə fürsət nə vaxt düşəcək? Hazır hamı onları tanımışkən... Sovet vaxtı kəndə gedərdik, əmilərimgildə bir dünya kitab vardı. Orda yeni kitablar oxuyardıq, kitabxanalar vardı. Oxumuş insanlara hörmət vardı, indi ələ salırlar beləsini oralarda. Vətəndaş yetişmir artıq. İnsanın əxlaqi, mənəvi dəyəri onda itir ki, onun üçün gödəniyyət ən vacib amil o vaxt olur, o Tenardyelər kimi hər şeyi pula bağlayır. Hüqo ki göstərmişdi sizə bu insan lövhələrini. Tanış gəlmirmi? Fransa da, dünya da keçib bundan. Keçib və bitib. Onlar əyaləti də şəhər müstəvisinə keçirib insanlarını qaranlıqdan qurtardılar.

Faciəmiz, bizdə belə insan tiplərinin 21-ci əsrin adamının olmasıdır. Əyalətlə şəhər, sivilizasiya arasında bu uçurum hələ çox əqrəbbeyinlər yaradacaq. Çünki doğrudan da, boş başda əqrəblər gəzər. Onu nə uşaq, nə heç nə dəyişə bilər. Onun düşüncəsi qurtulmaqdır o bataqlıqdan. Bəsit, boş, pulsuz və gələcəksiz insan üçün hər şey saman çöpüdür. Övladının soyumamış meyidi belə...Qınamalıyıqmı? Qınamaqla bitəcəkmi? Qınamaq çıxış yoludurmu? Yox. Bu xəmir hələ çox su aparacaq, biləsiniz”.
 
Günel İbadova: "Üzündə kədər yox, səsində fəryad. Elə bil balası yandırılan ana yox, inəyi itən kəndlidir. İndi vaxt tapdım baxmağa. Kapitalizm adamları əşyalardan ucuz edib. Allah heç kəsə bala dağı göstərməsin. Qınamağa da qorxur adam. Amma bu gur səslə ayaqlar altına sərilməyə hazır qadın doğrudanmı o uşağın anasıdır?!"


Bahar Rüstəmli