Xəbər lenti

Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir (RƏY)
Ekonomiks 12:56 21.11.2019

Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir (RƏY)

Dünya bazarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 15% və ya 189,60 dollar artaraq ötən gün 1 470,90 dollar/unsiya təşkil edib.Proqnozlarda da qızılın qiymətinin artacağı qeyd edilir. Belə ki, ABŞ-ın qlobal investisiya bankı "Citigroup Inc”bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirsə də, bankın mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir. Bankın əvvəlki hesabatına görə, yaxın bir və ya iki il ərzində qızılın bir unsiyası 2000 dollar səviyyəsini ötəcək. Qlobal maliyyə şirkəti "Merrill Lynch International" da qızılın qiymətinin 2 min dollara qədər qalxa biləcəyini bildirir.

Qızılın qiymətinin artması proqnozları fonunda qızıla investisiyaların da həcmi artıb. Mərkəzi bankların ardınca birjalar, həmçinin hedc fondları qızıl alışını həyata keçirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2018-ci ildə mərkəzi bankların xalis qızıl alışı əvvəlki ildən 73,8% artaraq 651,5 tona çatıb. Şuranın məlumatına görə, bu ilin III rübündə dünyada investisiya aləti kimi qızıla tələbat 3% artaraq 2 855 ton olub. Məlumata əsasən, illik müqayisədə isə investorların bu qiymətli metala tələbatı, təxminən, 10% artıb.

Qlobal fondlar da qızıla investisiyalarını artırıblar. Təkcə bu ilin avqust ayında qlobal fondlar bu qiymətli metala təxminən 6 mlrd. ABŞ dolları məbləğində investisiya edib. Son nəticədə onların sərəncamında olan qızılın həcmi 122 ton və yaxud 4,7% artaraq 2 733 tona çatıb. İlin əvvəlinə nisbətən artım isə 10,4% təşkil edib.

Qızıla investisiyaların indiki həddi sonuncu dəfə 2012-ci ildə qeydə alınıb. Bu il qızıla ən çox investisiyanı ABŞ fondları yatırıb. Bu il Böyük Britaniya, Çin, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələr də qızıl ehtiyatlarını artırıb.

Azərbaycan Dövlət Neft Fondu da qızıl ehtiyatlarını artırıb. 30 sentyabr tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb. Fondun investisiya portfelində qızılın payı 11,4% təşkil edib.

Fond qızıla investisiyaya 2012-ci ilin fevral ayından başlayıb. ARDNF bu tarixdən 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışını həyata keçirib. ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb.

Bəs qızıla tələbatın artması hansı faktorlarla bağlıdır?

Treyder Tamerlan Bayramlı "Report”a bildirib ki, tələbatın artması səbəblərindən biri qızılın bir növ müdafiə aktivi kimi istifadə edilməsidir. O qeyd edib ki, son bir ildə ABŞ fond bazarı ilə qızılın korrelyasiyası əksdir.

"Yəni Fond bazarında investisiyalar artanda qızıla azalır, və ya əksinə olur. Bunun da səbəbi odur ki, qızılı müdafiə aktivi kimi istifada edirlər. Yəni Fond bazarında səhmlərə, riskli aktivlərə investisiya edəndə, onların dəyəri itərsə, riskdən qaçmaq üçün qızıl almağa başlayırlar”.

"Tələbatın artması səbəblərindən biri qızılın bir növ müdafiə aktivi kimi istifadə edilməsidir"
 

Treyder tələbatın artmasının digər səbəbi olaraq ABŞ-la Çin arasında ticarət müharibəsini, həmçinin bir çox ölkələrin dollardan asılılıqlarını azaltmaq üçün dollar ehtiyatlarını qızıla çevirməsi faktorunu göstərir.

Bundan başqa, o qeyd edib ki, son 6-7 ayda hedc fondlarının qızıla marağı getdikcə artır: "İnsanlar 2020-ci ildə iqtisadi zəifləmə olacağı gözləntisi ilə qızıla investisiyalarını artırırlar”.

Qızılın qiyməti ilə bağlı proqnoza gəlincə isə teryder bildirib ki, konkret rəqəm demək bir qədər çətindir, amma əgər fond bazarında eniş baş verərsə, qızılın bir unsiyası 1560-1570 dollardan çox olacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->