Bu həftə dünyada 3-cü ən güclü şahmatçı sayılan və Azərbaycanın indiyədək ən uğurlu qroysmesteri Şəhriyar Məmmədyarovun maddi çətinlikləri barədə şərhi sosial mediada böyük qalmaqala və müzakirəyə səbəb oldu.
Bu müzakirələrdən yaranan əsas suallardan biri uğurlu şahmatçıların nə qədər pul qazandığı və oyunlarının inkişafı üçün nə qədər pul xərclədikləri barədə idi.
BBC News Azərbaycanca bu suala cavabı tapmaq üçün topladığı məlumatları sizə təqdim edir.
Şahmatçılar necə pul qazanır?
Dünyadaki ölkələrin çoxu beynəlxalq səviyyədə mübarizə aparan şahmatçılarına əmək haqqı vermir. Azərbaycan və Ermənistan öz şahmatçıların əmək haqqı ödəyən nadir ölkələr arasındadır.
CNN 2016-cı ildə dərc etdiyi məqaləsində, Ermənistanda dövlətin qroysmesterlərə 120 ABŞ dolları əmək haqqı verdiyini bildirib və öz nöbəsində Ermənistanın qroysmesteri Levon Aronian da dövlətin maddi dəstəyi barədə danışıb. Lakin bu məbləğin səviyyəsi barədə digər mənbələrdən məlumat yoxdur.
Azərbaycan Şahmat Federasiyasının prezident müavini isə Şəhriyar Məmmədyarovun 2000 manat əmək haqqı (1175 ABŞ dolları) aldığını deyib.
Nüfuzlu şahmatçılar bir çox ölkələrdə əmək haqqı almasalar da, bir çox digər ölkələr də uğurlu sahmatçılarının müxtəlif beynəlxalq turnirlərə gediş və oradaki xərclərini ödəyirlər.
Bəzi nüfuzlu turnirlər isə iştirak edən şahmatçıların xərclərini özləri qarşılayırlar, lakin bu, şahmat sahəsində standard deyil və turnirdən turnirə fərqlənir.
Digər şahmatçıların əksəriyyəti üçün əsas sayılan gəlir mənbələrindən biri isə turnirlərdə verilən mükafatlardır.
Şahmatçılar fərdi turnirlərlə yanaşı komanda tərkibində də turnirlərdə iştirak edə bilirlər.
Bəzi turnirlər öz nüfuzlarının artırmaq üçün yüksək reytinqli şahmatçıları cəlb etmək məqsədilə onlara, mükafatdan kənar iştirak üçün də ödəniş verirlər. Lakin bu ödənişlərin məbləği adətən açıqlanmır.
Turnirlərin pul mükafatı isə bir-birindən çox fərqlənir.
Adətən ən böyük pul mükafatı Dünya Çempionu titulu üzrə oyunda verilir.
2016-cı ildə bir daha bu titulu qazanan Magnus Carlsen, ümumi 1,1 milyon ABŞ dollarlıq mükafatın 60 faizinə sahib çıxıb.
Lakin bu mərhələyə çatmaq hətta ən güclü şahmatçılar arasında hər kəsə nəsib olmur.
Digər yüksək mükafatlı turnirlər - 2015-ci ildə təsis olmuş Grand Chess Tour adlı müsabiqənin tərkibindəki turnirlərdir.
Bu müsabiqəyə tərkib turnirlərin mükafatları adətən 1-ci yer üçün 150 min dollardan 300 min dollara qədər qalxır.
Bu ilki müsabiqənin ilk 3 turnirinin nəticələrinə baxdıqda görünür ki, müsabiqədə iştirak edən 9 şahmatçı arasında ümumiyyətlə ən çox xal toplayan Hikaru Nakamura 105 min dollar qazanıb və sonuncu yeri tutan Viswanathan Anand isə 45 min dollar.
Bu turnirlərin təşkilatçısı, Rex Sinquefield, Forbes jurnalına deyib ki, "dünyadaki ilk 10 və ya 20 ən yaxşı oyunçu şahmatdan başqa bir şey etmələrinə ehtiyacları yoxdur".
O, dünyada ən yaxşı 20 şahmatçının illik gəlirinin 250 min dollardan yüksək olduğunu ehtimal edib.
Yuxarıda qeyd etdiyimiz ənənəvi gəlir məbələrilə yanaşı şahmatın son onilliklərdə kommersiyalaşması şahmatçılar üçün sponsorluq imkanları da yaradıb.
Özəl şirkətlərin sponsorluğu ilə pul qazanan şahmatçılar arasında ən mühüm nümunələr beynəlxalq səviyyədə böyük uğura nail olan şahmatçılardır.
Hazırkı dünya çempionu norveçli Magnus Carlsen-in sponsorları arasında Nordic Semiconductor, Arctic Securities, Simonsen Vogtwiig və VG kimi şirkətlər var.
Carlsen-in məğlub etdiyi keçmiş dünya çempionu Viswanathan Ananda isə Hindistanın informasiya texnologiyaları üzrə təhsil şirkəti NİİT sponsorluq edir.
Hikaru Nakamura isə hazırda ABŞ-da milli çempiondur və Red Bull tərəfindən sponsorlanır.
Forbes jurnalına verdiyi müsahibəsində FİDE reytingində dünyanını ikinci ən güclü şahmatçısı sayılan amerikalı Fabiano Caruana deyib ki, "şahmatın böyük qismi məşqdən asılıdır və bunun böyük qisminə pul lazımdır."
Daha çox və daha keyfiyyətli məşq üsulları isə daha çox pul tələb edir və bu, şahmatda ən güclü 10-20 oyunçuya həyatlarını tamamilə şahmata həsr etməyə imkan verir.
Lakin bu ilk onluq və ya iyirmiliyə daxil ola bilməyən oyunçuların qarşısında mühüm seçim durur: məşqə daha çox vaxt və pul həsr edərək bacarığı və hazırlığı artırmaq, yoxsa şahmat barədə yazıb, dərs verib və ya əlaqəli digər işlərlə məşğul olmaq.
İlk seçimin uğurla nəticələnəcəyinə heç bir zəmanət yoxdur - bu nəinki maddi imkan, həm də risk tələb edir.
Müasir dövrün imkanları
Şahmatçılar üçün qloballaşmış dünyada internetin yaratdığı yeni imkanlar da əlavə və bəzi hallarda hətta əsas gəlir mənbəyinə çevrilib.
Bu əsasən onlayn turnirlər və internet vasitəsilə şahmat dərsləridir.
Chess.com kimi internet şahmat şəbəkələri şahmat təqibçilərinə toplaşmağa bir məkan, uğurlu şahmatçılara da davamlı və artan auditoriya bazası yaradır.
Hazırda bu saytın 24 milyona yaxın üzvü var və sayt xəbərlərlə yanaşı, üzvləri arasında oyunların oynanmasına imkan verir və bəzən onlayn turnirlər və turnirlərin canlı yayımını təşkil edir.
Digər imkanlardan biri isə şahmat barədə videolar hazırlamaq və turnirlər üçün yayımlarda aparıcı kimi iştirak etməkdir.
Nümunə olaraq ABŞ-lı şahmatçı Maurice Ashley və Britaniyalı şahmatçı Daniel King-in televiziyada və onlayn yayımlarda şərhçi olaraq bir karyera qurmalarıdır.
Onlar həmçinin illərdir ki, şahmat barədə kitablar yazırlar. Amerikanın ən güclü şahmatçısı sayılan gənc Fabiano Caruana-nın nüfuzlu özbəkistanlı məşqçisi Rüstəm Qasımcanov kimi bəzi uğurlu şahmatçılar isə məşqçi olaraq da karyera qururlar.
Dünya çempionu Magnus Carlsen-in hətta mobil telefonlar üçün müxtəlif proqramları və şahmat oyunu var və o, bu telefon oyununda yüksək xal toplayanlara qarşı canlı oyun oynamağa hazır olduğunu bildirib.
Sosial media
Şahmatçılar üçün kommersiya imkanlarını artıran vasitələrdən biri də sosial şəbəkələrdir.
FİDE reytinqilə dünyanın ən güclü şahmatçılarının böyük əksəriyyəti Twitter, Facebook, Ιnstagram və hətta Twitch kimi video yayım platformlarından istifadə edirlər.
Onların arasında Twitter-də ən fəal olanlar Viswanathan Aanand (537 min təqibçi), Magnus Carlsen (193 min təqibçi), Hikaru Nakamura (69 700 təqibçi), Fabiano Caruana (54 700 təqibçi), Levon Aronian (42 200 təqibçi) və Anish Giri-dir (41 300 təqibçi).
Fabiano Caruana-nın sosial şəbəkələrdəki populyarlığı nəticəsində, amerikalı kostyum dərzi şirkəti ona pulsuz kostyumlar verməyi təklif edib
Sosial şəbəkələrdəki fəallıq və populyarlığın müsbət nəticələrindən biri şahmatçılara öz brendlərini yaratmağa qazandırdığı imkandır və bəzən sponsorlar üçün əlaqə üsuluna da çevrilə bilir.
Məsələn, Wall Street Journal qəzetinə müsahibəsində, amerikalı qroysmeyster Fabiano Caruana bildirib ki, ABŞ-ın dəbli kostyum dərziləri şirkətlərindən biri, Thom Browne, onun Instagram hesabına mesaj yazaraq, ona pulsuz kostyumlar verməyi təklif edib.
Yuxarıda qeyd edilən internet turnirlərinə gəldikdə isə, burada mükafatın məbləği adətən bir neçə min ABŞ dollarından ibarət olmasına baxmayaraq şahmatçılar üçün əlavə gəlir mənbəυi yaradır.
Chess.com-un Twitch video yayım şəbəkəsində Sürətli Şahmat Çempionatı videosunun 19 milyona yaxın baxışları həmçinin bu cür şəbəkələrin əlavə gəlirlər yanaşı şahmatçılara davamlı təqibçi və azarkeşlər toplamağa imkanlar yaradır.
Beləliklə, həm ingilis dili, həm də sosial mediada populyarlıq qazanma bacarıqları şahmatçılara əlavə gəlir gətirə bilən vasitələrdir. Azərbaycanlı şahmatçılar arasında sosial mediada fəal olanlar isə çox deyil.
FİDE reytingilə ilk 20-likdə Azərbaycanın yalnız iki şahmatçısı var - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov.
Şəhriyar Məmmədyarovun məxfi Instagram hesabında 7 198, Twitter-də isə 2 379 təqibçisi var. Teymur Rəcəbovun isə Instagram-da 8 411, Twitter-də isə 14 200 təqibçisi var.
Şərhlər