Xəbər lenti

Qubada yəhudilərin yeni ili qeyd olunur (FOTO)
Foto 21:03 01.10.2019

Qubada yəhudilərin yeni ili qeyd olunur (FOTO)

Qubada yəhudilərin Roş-Ha-Şana bayramı qeyd olunur.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bayram Qırmızı qəsəbədə keçirilir.

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin sıx yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir ki, burada öz adət-ənənələrini yaşadırlar. 

Hazırda bütün dünya yəhudiləri kimi qəsəbə sakinləri də yəhudi təqviminə görə 5780-ci ili qarşılayırlar. Yəhudi təqvimi ilə yeni ilin başlanğıcı sayılan bayram günündə sakinlər sineqoqa gedərək dualar oxuyur, tanrıdan günahlarının bağışlanmasını diləyir, sonrakı on gün ərzində isə müxtəlif dini ayinləri yerinə yetirirlər. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur” gününü qeyd edirlər. 

Bayram süfrəsi özünəməxsus təamlarla bəzədilir. Süfrədə müxtəlif yeməklərlə yanaşı, bal və almanın olması vacib hesab edilir.

Qeyd edək ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıb. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->