Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə qeyri-adi hadisə baş verdi” (FOTO)

Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə qeyri-adi hadisə baş verdi” (FOTO)

Televiziya üzrə mütəxəssis, tanınmış jurnalist, professor Qulu Məhərrəmli Xocalı xatirələrini bölüşüb.

Qulu Məhərrəmli Qaynarinfo-ya bildirib ki, həmin vaxt çəkiliş qrupu Xocalıya o vaxtkı televiziya rəhbərli Məmməd Muradın tapşırığı ilə gedib:

"Bir neçə adama ezamiyyətə getməyi təklif etmişdilər. Hərə bir bəhanə ilə imtina etmişdi, çünkü hamı orada vəziyyətin ağır olduğunu bilirdi. Bizə təklif olundu. Biz getməyə razılaşdıq. Dedik ki, gedəcəyik Xocalıya, oradan da Şuşaya. Şuşadan da bir neçə reportaj edim, sonra geri qayıdarıq. Getdik. 3 nəfər idik - operator Vaqif, rejissor Adil, bir də mən. Ağdama qatarla getdik. Həmin günü uça bilmədik, gecəni orada qaldıq. Orada Qarabağa yardım qərargahı fəaliyyət göstərirdi. Bizi Xocalıya onlar göndərməli idi. Qərargahda Əhəd Kərimovla görüşdük. Onu çoxdan tanıyırdım. Bir təhər vertolyot düzəldi, uçduq Xocalıya. 

Vertolyota minəndə diqqətimi cəlb edən hamının gözünün içində o qorxunu görməyim idi. Az adam gedirdi, hamını seçmək olurdu. Adamların gözündəki o qorxu heç yadımdan çıxmır. Biz uçanda dekabr ayı idi. Ondan da bir ay qabaq Qarakənddə vertolyot vurulmuşdu, bizim hökumət adamları terror nəticəsində qətlə yetirilmişdi. Ona görə də vertolyota minmək böyük risk tələb edirdi. İnsanların gözündəki qorxu da bu səbəbdən idi. Adam bunu hiss edirdi. 

Xocalıya çatdıq, vertolyotun pilotu soruşdu ki, axşam qayıdacaqsınız? Dedim ki, bizim burada bir neçə yerdə çəkilişlərimiz var. Hələ bir neçə gün buradayıq. İşlərimiz bitəndən sonra qayıdacağıq. Bizim Xocalıya gəlişimizin əsas məqsədi vəziyyəti real, olduğu kimi çəkmək  və televiziyada göstərmək idi. Çünki o vaxt Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy bəyanat vermişdi. Bəyanatda göstərmişdi ki, Xocalı tam mühasirədədir, nəqliyyat yoxdur, əhali qorunmur, müdafiə olunmur. Yəni, hökumət ora lazımı qayığını göstərə bilmir.

Yadımdadır ki, Məmməd Murad sədr olaraq dedi ki, orada nə varsa, doğrunu çəkin. Əslində həmin tapşırıq da bizi çox ruhlandırmışdı. Olanları çəkib olduğu kimi göstərmək istəyirdik.  Təbii, bəlli sirrləri qorumaqla. Orada millət vəkili Elman Məmmədovla görüşdük, hamı silahlı idi, Elman müəllim də hərbi geyimdəydi. Düzü, bizi bir az köntöy qarşıladılar. Niyə gəlmisiniz?  Siz gəlmisiniz ki, referendumla bağlı çəkiliş aparmağa və s. Təbii ki, bu bizə xoş gəlmədi. Amma camaatın qəzəbli olmağının səbəbini başa düşürdük. Hamı gileylənirdi, vəziyyətdən narazı idilər. Deyirdilər ki, Bakıda bizi unudublar, burada yiyəsiz qalmışıq. Orada çəkilişlər aparmağa başladıq. Çəkilişlərimizi hardasa iki günün içərisində tamamladıq. 

O vaxt Milli Ordu təzə yaranmışdı, onun bir vzvodu vardı. Vzvodun rəhbəri Aqil Quliyevlə görüşdük. Aqil Quliyev Xocalı hadisələrində qətlə yetirildi və sonradan Milli Qəhrəman adı aldı. Orada bir özünümüdafiə dəstəsi vardı - bu işlərə də Tofiq müəllim rəhbərlik edirdi, gecələr növbə çəkirdilər. Deməzdim ki, müəkəmməl müdafiə sistemi vardı. Adamlar yüngül silahla özlərini qorumağa çalışırdılar. Çox şikayətləndilər, nə dedilərsə, hamısını kinolentlə yazdıq. İndi geri qayıtmaq üçün vertolyot yoxdur. Əsgərandan yol kəsilmişdi, yalnız hava yolu  vardı. Beləliklə, biz yeni ili Xocalıda qaldıq. Demək olar ki, aralıqda qalmışdıq. Adamlar bizə əl tutmağa çalışırdılar. Orada maliyyə şöbəsinin müdiri vardı - Sahib müəllim, bizi evinə dəvət elədi. Onun evində qalırdıq. Gündüzlər çəkiliş edirdik, daha çox Xocalı Aqrosənaye İdarəsinin binasında qərargah salmışdılar, gündüzlər orda olurduq. Əsgərlərlə söhbətimiz yaxşı tuturdu. Gecələr Sahib müəllimgildə olanda arada AzTV-yə baxırdım. Görürdüm ki, gerçəkdən uzaq məlumatlar verirlər. Xəbərlərdə reallıq görünmür, yalançı pafos var. Məsələn, Xocalıda un yox, camaat yemək sarıdan əziyyət çəkir. Amma Xocalıdan bir az aralı olan Ağcəbədidə "Ət bayramı” keçirilir və bunu da "Xəbərlər” proqramında hay-küylə təqdim edirlər. Onda dərk elədim ki, insanın bədənində bir əza ağrıyır, amma bunu kimsə hiss eləmir. Onda içimdən belə bir hiss keçdi ki, ekrana çıxan, xəbər verən adam heç vaxt yalan danışmamalıdır. Yalan millət üçün fəlakətdir.
Beləliklə, hardasa yanvarın 8-nə kimi orada qaldıq. Hər gün gəlib poçtla əlaqə saxlayırdıq ki, bizi oradan çıxarmağa nail olsunlar. Amma alınmırdı. Eyni zamanda, Xocalıda gecələr çəkilişlərimizi aparırdıq. Xüsusən Xocalı aeroportunu gözləyən polislərlə yaxşı münasibətimiz vardı. Onlarla söhbətlər aparırdıq, məktəbdə olurduq, oranın ağsaqqalları ilə görüşürdük. Demək olar ki, qısa müddətdə biz də xocalı sakini olmuşduq.

Yadımdadır, bir polis kaitanı vardı, Əlif Hacıyevin müavini idi. Çox cəngavər insan idi. Bizi mühafizə edirdi, tövsiyə edirdi: "Kənardan binokldan baxırlar, sizin gəlmə adam olduğunuz dərhal bilinir. Ona görə çox görünən yerdə dayanmayın. Sizi snayperlə vurarlar”. 3-4 gün orda qalandan sonra insanın içində ölüm hissi də adiləşir və heç nədən qorxmursan.

Orada çox hadisələrlə qarşılaşdıq. Belə bir fürsət yarandı ki, bizi yola salmaq olar. Gəncəyə gedən rus əsgərlərinin vasitəsi ilə Əsgərandan keçib Ağdama keçə bilərik. Göyüş müəllim vardı, deyəsən şəhər sovetinin sədri idi. O, təklif eləmişdi, biz də mahiyyəti bilmədən razılaşmışdıq. Necə olursa-olsun, Bakıya qayıdıb, materialları yayımlamaq lazımdı. Biz tankın içinə oturanda Aqil Quliyev gəldi. Soruşdu ki, hara gedirsiniz? Deyəndə ki, Bakıya, etiraz elədi, dedi ki, sizi qoymaram ruslarla gedəsiniz. Onlara etibar yoxdur, gedəcəksiniz, sizi Əsgəranda girov qoyacaqlar. Avtomatı çəkdi ki, bu maşına minə bilməzsiniz, sizin üçün təhlükə var. 

Bir-iki gündən sonra vertolyot gəldi. Adam çox idi. Hamı gəlmək istəyirdi. Amma deyəsən belə bir göstəriş verilmişdi ki, yerli əhali ordan çıxmasın. Vertolyot gəldi, biz bir çalalıq yerdə mindik. Əsgərlər bizi güclə mindirdi. Orada da qeyri-adi bir hadisə baş verdi. Vertolyot qalxanda vurmağa başladılar. Hiss edirdik dəyir, hay-küy qalxdı ki, indi vuracaqlar, vertolyot patlayacaq. Pilot uca səslə qışqırdı ki, narahat olmayın. 

50-100 metr qalxandan sonra təhlükə sovuşdu.

Bakıya qayıdandan sonra Vasif Babayevin rejissorluğu ilə geniş veriliş də hazırlamışdım.

Xocalıda olarkən qeydlər apardığım bloknotu bu günədək saxlamışam. Bəlkə nə vaxtsa yenə lazım olacağını düşünürəm...”

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR