"Artıq Avropa dəyərləri Azərbaycana qayıdır" - HESABAT

"Artıq Avropa dəyərləri Azərbaycana qayıdır" - HESABAT


Bu gün Bakı Slavyan Universitetinin akt zalında Azərbaycan Avropa Hərəkatının 2-ci konqresi keçirilib.

Tədbirdə xarici ölkələrin səfirliklərinin  nümayəndələri, millət vəkilləri Asim Mollazadə, Çingiz Qənizadə, tələbələr və müxtəlif gənclər hərəkatlarının üzvləri iştirak ediblər.

Konqresi giriş sözüylə açan Azərbaycan Avropa Hərakatının prezidenti Ramil Hacılı bildirib ki, konqres hesabat xarakteri daşıyır: “Biz bu yola qədəm qoyanda bəzilərinin düşündüyü kimi, Avropa Hərakatını monopoliyamıza çevirmədik. Biz ölkədə fəaliyyət göstərən müxtəlif gənclər hərəkatlarından və vətəndaş cəmiyyəti üzvlərindən bizə yardımçı olmalarını xahiş etdik. Bunun nəticəsində rəngarəng bir hərəkat formalaşdıra bildik. Bu bir ildə qarşımıza qoyulan bütün tələbləri yerinə yetirdik. Buna görə də 2012-ci ildə Beynəlxaq Avropa Hərəkatına rəsmən üzv olduq. Bütün bunları nəzərə alaraq, daha da intensiv və dinamik işləməyi qarşımıza məqsəd qoymuşuq”.

Ramil Hacılı həmçinin bildirib ki, Avropa Hərəkatı cəmiyyətə tam açıqdır: “Kim istəsə, xüsusilə də media nümayəndələri bizim maliyyə hesabatımızla yaxından tanış ola bilərlər. Biz hesabatlarımızı vaxtında veririk, tam şəffaflıqla bu ili arxada qoymuşuq” – hərəkatın prezidenti bildirib.

Azərbaycan Avropa Hərəkatının fəxri prezidenti, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə qeyd edib ki, artıq Avropa dəyərləri Azərbaycana qayıdır: “Biz ilk şərq ölkəsiyik ki, Avropa dəyərlərini qəbul etmişik. Avropa dəyərləri ilk olaraq ölkəmizdə ilk operayla, ilk simfoniyayla, ilk teatr ilə təşəkkül tapdı. Biz Avropaya həm öz mədəniyyətimizi təqdim etdik, həm də onların mədəniyyətini ölkəmizə gətirdik. Biz təkcə Avropaya qoşulmaqla sosial müdafimizi daha da artırmağı düşünmürük, bizim üçün ən önəmlisi Avropanın insana ola dəyəridir. Çünki Avropa öz keşməkeşli tarixində bunu çox gözəl ifadə edə bilib. Bu dünyanın ən əsas amili insan azadlıqları, onun hüquqlarıdır. İnsanın sosial müdafiəsi ilə yanaşı, yaradıcılıq baxımından azad olması da vacibdir. Azərbaycanda da Avropa cazibəsi bununla bağlıdır”.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə çıxışına Avropa Hərəkatına uğurlar diləməklə başlayıb: “Ümid edirəm ki, bu 2-ci konqres növbəti konqreslərlə əvəz olunacaq. Düşünürəm ki, bu hərakatın üzvlərinin səs-sorağı Avropadan gələcək və Avropanın müsbət dəyərlərini ölkəmizə gətirəcək. Azərbayacan Avropa Hərəkatı qısa zamanda bir çox təşkilatların edə bilməyəcəyi edib. Eyni zamanda AAH-nın maliyyə hesabatının cəmiyyətə açıq olması çox sevindirici haldır”.

Daha sonra Azərbayacan Avropa Hərakatının və bir sıra gənclər təşkilatlarının üzvləri çıxış ediblər. Və sonda Ramin Hacılı 2013-cü il üçün Azərbaycan Avropa Hərəkatının qarşısında duran vəzifələri konqres iştirakçılarına çatdırıb.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR