Siyasət 12:33 05.09.2013

"Məqsəd Lalə Şövkəti siyasətdən silməkdir" - QALMAQAL

"Yeni Musavat" qəzetinin  baş redaktoru Rauf Arifoğlu musavat.com saytında qalmaqala səbəb olacaq müəllif yazısı ilə çıxış edib. 

"Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi? – Şərh" adlanan yazıda R. Arifoğlu bir çox şəxslərə və siyasi partiyalara qarşı ittihamlar irəli sürüb. Əsas məğzi Ermənistanın Avrasiya İttifaqına üzv olması və Azərbaycan müxalifəti daxilində Rusiya faktorunun təsirindən bəhs edən yazıda müəllif belə bir ifadə işlədib: "İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, yenə qısamüddətli şanslar deyişmələrin, dedi-qoduların içində batıb gedəcək".

Müəllifin yazıda "kənar güclər" dedikdə konkret kimləri nəzərdə tutduğunu dəqiqləşdirmək üçün Rauf Arifoğlu ilə əlaqə saxladıq. R. Arifoğlu Qaynar.info-ya açıqlamasında  bildirdi ki, o, bu məsələ ilə bağlı əlavə şərh vermək istəmir: "Yazının müəllifi mənəm və daha geniş demək lazım olsaydı elə bunu yazının özündə yazardım. Gərəkdiyi qədərini yazmışam".

Daha sonra yazıda adı keçən və "kənar güclər"ə birbaşa bağlılıqda ittiham olunan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla əlaqə saxladıq. 

Ə.Temirxan bunun yalan olduğunu və yazının sifarişlə yazıldığını iddia etdi: "Rauf Arifoğlu 2009-cu ildə həbs olunmuş gənc bloqçular Adnan Hacızadə və Emin Milli haqqında yazdığı materialı yadına salsın. O vaxt yazmışdı ki, bu 2 gənc xarici qüvvələrin əli ilə ölkədə çevriliş hazırlamaq istəyirmiş. O, özünə doğru yönəlmiş bütün şübhələri yox etmək üçün milli qüvvələrə qarşı hücuma keçir. Daha konkret desək, Liberal Partiyaya qarşı hücuma keçir və bu təkcə onun işi deyil. O da daxil olmaqla bir çoxları bizə qarşı hücuma keçir və 20 ildir bu, baş verir. Məqsəd Lalə Şövkəti Azərbaycan siyasətindən silməkdir. Ancaq biz belə şeylərə əhəmiyyət vermirik". 

"Universitet illərində hüquqçuluğu çox yaxşı öyrənən tələbə kimi, keçmiş prokurloq müstəntiqi kimi, ekspertizada iştirak etmiş bir müstəntiq kimi deyə bilərəm ki, Rauf Arifoğlunun etdiyi psixoloji aqressivlikdir. Onun bu vaxta qədər şər atmadığı siyasi lider, partiya qalmayıb. Hətta öz partiyadaşlarına belə şər atıb", - deyə Ə. Temirxa qeyd edib. 

ALP sədri bildirdi ki, hazırda seçki dönəmi olduğu üçün heç bir hüquqi prosedura əl atmayacaqlar, ancaq seçkidən sonra bu məsələyə yenidən qayıdılacaq: "İndiki dönəmdə seçki dönəmidir və biz əlavə addımlara əl atmayacağıq. Biz ALP olaraq Azərbaycan xalqına xidmət edirik və ona arxalanırıq. O, nə yazır yazsın, bu verilmiş xüsusi tapşırıqdır".

Pərviz

Qaynar.info