Xəbər lenti

Siyasət 16:54 29.11.2013

"Rusiya Azərbaycanı Kreml divarından asıb" - AÇIQLAMA

Zərdüşt Əlizadə: "Ağlı başında olan iş adamı, biznesmen Ermənistana sərmayə yatırmaz"

Ermənistan Respublika Partiyasının deputatı Qaqik Minasyan bu gün erməni mediasına açıqlamasında bildirib ki, Dağlıq Qarabağ de-fakto Gömrük İttifaqının ərazisi, tərkib hissəsi kimi qəbul edilib.

Onun sözlərinə görə, Gömrük İttifaqının digər üzvləri də Qarabağı de-fakto tanıdıqlarını bəyan ediblər: “Ermənistana gələn mallar Dağlıq Qarabağa, orada istehsal olunanlar isə bizim vasitəmizlə Gömrük İttifaqının digər ölkələrinə göndəriləcək”. 

Qaynar.info-ya mövqeyini açıqlayan politoloq Zərdüşt Əlizadə hesab edir ki, Dağlıq Qarbağın Gömrük İttifaqına üzv qəbul edilməsi heç nəyi dəyişməyəcək: "Bütün bu siyasi proseslərin, oyunların iştirakçıları, Azərbaycan da daxil olmaqla qəbul edirlər ki, Ermənistan Qarabağı işğal edib və orada qondarma bir respublika yaradıb. Özü də elə bir oyun aparır və dünyaya təqdim etmək istəyir ki, guya orda bir müstəqil dövlət var. Amma burada dövriyyədə olan pul erməni puludur, polis, hərbiçilər erməni dövlətinindir. Bircə qondarma bir parlamentləri var. Rusiya da bu torpaqları Azərbaycan ərazisi kimi tanıyır, amma onu da qəbul edir ki, bu yerlər faktiki olaraq Ermənistanın tərkibindədir. Ona görə də Ermənistana dəstək verir. Guya Gömrük İtiffaqına Ermənistanı qoşsa, nə dəyişəcək? Yaxud da qoşmasa, nə dəyişəcək? Yəni de-faktonu hamı tanıyır, hətta Azərbaycan da. Amma de-yureni tanımır və tanımayacaq da. Hələ elə bir hadisə baş vermir ki, de-yureyə münasibət dəyişsin".  

Q.Minasyanın “Ermənistana gələn mallar Dağlıq Qarabağa, orada istehsal olunanlar isə bizim vasitəmizlə Gömrük İttifaqının digər ölkələrinə göndəriləcək” fikrinə münasibət bildirən politoloq bunu ağılsızlıq adlandırıb: "Ağlı başında olan iş adamı, biznesmen Ermənistana sərmayə yatırmaz. O ki qaldı, həmin adamın deməyinə ki, orda nəsə istehsal edəcəklər və Ermənistan vasitəsilə bunu satacaqlar, bu çox səfeh sözdür. Çünki Ermənistan nə istehsal edir ki, nə də satsın? Ermənistan ən çox mis-molibden, konyak, limonad, ərik satır. Bunlar da böyük gəlir gətirən sahələr deyil. Sovet dövründə bunlar vardı, indi də var. Yəni dəyişən bir şey yoxdur. Bununla nə ölkənin səviyyəsi, nə onun büdcəsi düzələn deyil. Ermənistanın sənayesi ölüb. 

Sovet vaxtında mərkəzdən gələn gəlirlər sayəsində bir şeylər vardı, indi onlar da yoxdur. Bunu həmçinin bizə də aid etmək olar. Belə bir vəziyyətdə sənayenin yox olduğu bir ölkələrdə hansı "xoş gələcək"dən danışırlar, anlamıram. Rusiya öz başına çarə qıla bilmir, bunlara necə kömək edəcək? Ermənistan Gömrük İtiffaqına qoşulmaqla Rusiyadan daha çox pul qopartmağa çalışır. De-fakto Qarabağ Azərbaycandan qoparılıb. Azərbaycanın hakim zümrəsi Bakıda hakimiyyət uğrunda, neft-qaz uğrunda mübarizə aparırdı, Qarabağ yaddan çıxmışdı. Mən o vaxt bu haqda xeyli yazmışdım ki, ay camaat, ay yoldaşlar, vətən əldən gedir, buraxın bu davanı, amma xeyri olmadı. Yenə bunlar öz davalarını edirdilər. Ondan sonra da başları neft-qaz satmağa qarışdı, Qarabağ da elə-belə qaldı".

Z.Əlizadə Dağlıq Qarbağın Gömrük İttifaqına üzv qəbul edilməsini Rusiyanın Azərbaycan təzyiqi kimi qiymətləndirənlərlə razılaşmır: "Burada heç bir təzyiqdən söhbət gedə bilməz. Rusiya Qarabağı tanıdı-tanımadı, boş şeydir. Çünki Rusiya əsas məsələni həll edib;  Azərbaycanı da, Ermənistanı da öz caynağına alıb, Kreml divarından asıb. Ona görə də Azərbaycan hakimiyyəti, öz xalqına uyğun siyasət aparmalıdır. Amma bizim hakimiyyət hakim zümrənin tələblərinə uyğun siyasət aparır. Gömrük İtiffaqına ona görə getmir ki, rus kapitalisləri bura gəlib çox şey istəyəcəklər. Avropa İtiffaqına da ona görə getmir ki, Avropa burada insan hüquqlarına hörmət olunmasını, azad seçkilərin keçirilməsini, qanunlara hörmət olunmasını, insanların əsassız yerə həbs etməməyi tələb edir. Bunlar da bunu edə bilmirlər. Hakimiyyətdə qalmaq üçün mütləq bunların əksini etmək lazımdır. Buna görə də hakimiyyət Avropanı və Gömrük İtiffaqını istəmir". 

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->