Sənət 13:37 04.11.2014

"Sevgi iman, seks ibadətdir..." - Şəmşad Ağa



Şəmşad Ağa - bu imza çoxlarına tanışdır. Çoxu onu jurnalsit kimi tanısa da, əslində, o, həm də gözəl şairdir. Amma nədənsə tez-tez dərc olunmağı sevmir. Yazarın Aktual.az-a verdiyi müsahibəsini oxucularımıza təqdim edirik.

Şəmşad Ağa hazırda Arqument.az saytının baş redaktorudur.

- Yazmaq sevdası hardan və necə başladı?


- Orta məktəbdə sevmədiyim bir qıza yazdım ilk dəfə. Münasibətimiz yaxın idi, dost idik, yəni sevmirdim. Bir dəfə dedi ki, gəl mənə bir şeir yaz. Bir cızma-qara yazdım, götürüb özündə saxladı. Sonra eşitdim ki, qardaşı şeiri onun çantasında tapıb və döyüb onu...

- Həyata baxışının formalaşmasında kimlərin rolu olub?

- Həyatımda iki mərhələ olub: Universitetə qədər olan mərhələ, bir də universitetdən sonrakı mərhələ. Atam ədəbiyyat müəllimidir. Zəngin kitabxanası var. Mən klassik ədəbiyyatla bağlı demək olar ki, çox kitabları hələ orta məktəbdə oxumuşdum. Ərəb-fars dilində təhsil almışdım. Amma müasir ədəbiyyata o qədər də bələd deyildim. Anam ali təhsilli deyil, amma folkloru yaxşı bilirdi. Məni valideynlərim həyata sakit, təmiz, tərbiyəli bir uşaq kimi təqdim etdilər. Amma həyat əclafcasına bəzi kriteriyaları pozmağa cəhd etdi. Həmişə demişəm, əgər bu sözü Yusif Vəzir Çəmənzəminli deməsəydi, mən bir söz də əlavə edib belə deyərdim: "Zülmə və haqsızlığa qarşı mübarizəni atamdan və anamdan öyrəndim". Poeziyaya həvəsimi isə orta məktəbdə ədəbiyyat müəllimim Qədiməli Əhmədin şeirləri oyatdı.

2003-cü ildə universitetə qəbul olundum. Burada Yadigar Sadıqovla tanış oldum. Bu o vaxt idi ki, siyasi fəaliyyətinə görə onu universitetdən xaric eləmişdilər. Nəyə görəsə universitetə gəlmişdi. Dedilər, bu müəllimi işdən uzaqlaşdırıblar. Yaxınlaşıb görüşdüm. Həmin gündən sonra da münasibətlərimiz yarandı. Bu mənada Yadigar Sadıqovla tanışlığım mənim həyata baxışımda çox şeyi dəyişdi. Və tanış olduğumuzda mənə Soljenitsinin "Yalansız yaşamaq" essesini verdi və dedi ki, oxu, sonra da ver digər uşaqlar da oxusun. Məncə, bu bəs etdi.

Birinci kursda oxuyanda şairlərdən Tərlan Əbilov, Nurəddin Şaya və Oqtay Zəka ilə tanış oldum. Həmişə bizim ədəbi müstəvidə müzakirələrimiz olurdu. İxtisasca filoloq olduğumdan mühafizəkarlıq nümayiş etdirirdim. Tez-tez Lənkəranda "Təbriz" çayxanasında görüşürdük. Bir dəfə də ora gedəndə gördüm ki, Tərlan sarışın bir oğlanla oturub. Görüşdük, təqdim etdi ki, bu Zahir Əzəmətdir. Zahir olan yerdə təbii ki, söhbət ədəbiyyatdan düşdü və mübahisə etdik, az qaldı dalaşaq. Mən daha çox filoloq kimi münasibət bildirirdim və gənclərin ənənələrə qarşı çıxmasını qəbul eləmirdim. "Siz kimsiniz ki, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı qəbul etmirsiniz?" kimi ifadələr... Mənimlə ora gələn tələbələr də məni müdafiə edirdilər. Zahir isə əsəbiləşmədən xeyli danışdı, yadımdadı, özü ilə bağlı maraqlı bir əhvalatı da xatırlatdı. Ayrılandan sonra Tərlan deyir ki, nahaq mübahisə edirsən, mən də etmişəm, "düzəlməyəcək". Bunu mənə Tərlan danışdı. Zahir isə deyir ki, inanmıram fikri dəyişməsin. Mən növbəti dəfə bura gələndə mütləq başqa Şəmşad görəcəm. Beləliklə, Zahir Əzəmət bir "kənd uşağı"nın beynində inqilab etdi. Onu da deyim ki, "Sənət" və "Alma" qəzetləri də əyalətə nüfuz edə bildi. Bu da çox şeyi dəyişdi. Bundan başqa, Xalid Bağırovla da müntəzəm görüşlərimiz mənə böyük stimul verirdi. Adamın elə bir sahə yoxdur ki, xəbəri olmasın... Onunla ədəbiyyatdan danışmaq ayrı zövqdür. Məncə, Xalidin timsalında böyük bir yazıçı olacaq şəxsi bir vəkilə uduzdurduq...

- Sadiq Elyer də dostundur? Görürəm, tez-tez görüşürsünüz...

- Hə, Sadiq başqa bir dünyadır: o, adamı ölməyə qoymayan, amma yaşamağa peşman edən ən sadiq dostdur...(gülür)

- Bəs, nə vaxt çap olunmağa başladın?


- İlk şeirim Lənkəranda çıxan "Məşəl" jurnalında çap olundu. Jurnalın baş redaktoru rəhmətlik Hacıməmməd Quluzadə idi. Çox dəyərli insan idi. Heç vaxt unutmayacağım insanlardandır, ona görə yox ki, şeirimi dərc edib. Ona görə ki, insan idi. İlk kitabımı isə fəlsəfə müəllimimiz, mərhum professorumuz Ağayar Şükürov öz hesabına nəşr etdirdi. Düzdür, bu şeirlər bir gəncin ilk qələm təcrübələri idi, amma Ağayar Şükürov həm də vicdanlı, əqidəli bir müəllim kimi mənim yaddaşımda dərin iz buraxdı.

- Özünü böyük şair hesab edirsən?

- Mən elə söz dedim? Mən özümü şair-zad hesab eləmirəm.

- Yeni dövr ədəbiyyatında səhnəyə sığmayan əsər varmı?

- Səhnə olsa, məncə, əsər tapmaq olar.

- Köşə yazarı professional yazıçı ola bilər?


- Bilmirəm. Bu, çox çətin sual oldu.

- Hamı özünü təbliğ edir. Yazır, haqqında yazdırır. Amma sən bir müsahibə belə vermək istəmirdin. Bəs sən niyə özünü reklam etmirsən? Belə deyək, sənə nə mane olur?

- "Svetafor"un qırmızı işığı...

- Ədəbiyyat həyat tərzidir, yoxsa qazanc yeri?


- Həyat var ki, qazancı və ya tərzi də ola.

Hadi necə deyirdi:

Bir qövm ki, donmuş hərəkatgahi-cahanda,
Donmuş demək iştə o həyatın hərəkati...

- Yazıçılar niyə kasıb olurlar?


- Əksinə, yazıçılar dünyanın ən zəngin adamlarıdır. Dədə canı, pul boş şeydir...

- Zahir Əzəmətdən danışdın. Onu ciddi yazar hesab edirsən?


- İki şeirində həmişə yaşayacaq: "Əsgər məktubu" və "Talış kəndi" şedevrdi.

- Bəs Arqumet.az saytı hansı ehtiyacdan doğuldu?


- Arqument qıtlığından.

- Vəzifə seçimin olsa, kimin kreslosuna iddialısan?


- Öncə kresloların üz qabığı dəyişdirilməlidir, sonrasına baxarıq.

- Necə olur ki, bir-birinə aşiq iki insan evlənir, az müddət sonra tam əksi olur - nifrət?

- Aşiq-məşuqə başqa söhbətdir. İki insan bir-birini sevə bilər, evlənib-ayrıla bilər. Amma eşq, aşiq, məşuq sənin və mənim bilmədiyim mövzudur. Ona görə bu mövzunu məişət müstəvisinə, ər-arvad davası səviyyəsinə endirməyək.

- Sevgi, yoxsa seks?

- Sevgi iman, seks ibadətdir. Yəni əməllə vasitə bir-birini tamamlamalıdır ki, ondan gözəllik, saflıq təcəssüm etsin!

- Küfr eləmirsən ki?

- Qətiyyən! Mən əməli-salehəm... Bax, iman sözünün kökündə inam, razılıq dayanır, ibadətin isə pərəstiş, inandığını həyata keçirmək. Bunu niyə ancaq sırf dini konteksdə qəbul edirsən ki? Tutaq ki, lap dini mənada qəbul edək: dinimiz deyir ki, hər bir xeyirxah işi "Bismillahla" - Allahın adı ilə başla. Məgər burada sevgi olmaya bilər? Şəxsən mən iman və ibadətin vəhdətindən doğulmuşam, kimsə şeytani əməllə doğulubsa, öz işidir. Küfr sözü isə kafirlə eyni kökdəndir. Küfrü, kafiri necə sevmək olar?

- Gözəl qadınlar, yoxsa?..

- Nə yoxsa? "Yoxsa"sı yoxdur, iki göz iki gözə baxar...

- Araq, yoxsa pivə?

- Meydə təşviri-hərarət, neydə təsiri-səda...(Füzulinin qəzəlindən sitat gətirir-T.B).

- "Cinayət və cəza", ya "Hərb və Sülh"?

- "Tatar çölü"...

- Çe Gevara, yoxsa?..

- İmam Hüseyn!

- Müsahibəyə görə, təşəkkür

- Sağ ol!

Tural Balabəyli/Aktual.Az