İdman 18:55 28.01.2021

Qurban Qurbanov: "Biz heç kimin puluna göz dikməmişk"

"Vacib qələbə qazandıq. Futbolçularda həyəcan var idi. Rəqib bu gün ciddi müqavimət göstərdi. "Neftçi" ilə matçda da layiqli oynamışdılar. Təcrübəli, soyuqqanlı futbolçuları var. Bu, yaxşı haldır. Bəzi çətinliklər çəkdir. Lakin futbolçular qələbə üçün hər şeyi etdilər".

Bu fikirləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın V turundan təxirə salınmış matçda "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, zədəli Filip Ozobiçin müalicəsi davam edir: "Fevralın 5-dək komandaya qoşulmayacaq. Həkimlərin müayinəsindən sonra qəti qərar veriləcək".

Cərimələnərək əvəzedici komandaya göndərilən Donald Gerye ilə bağlı da danışan Qurbanov onunla bağlı yekun qərarını vermədiyini deyib: "Əvəzedici heyətdədir. Mövsümün sonuna kimi orada qalıb-qalmayacağını bilmirəm. Gecikmə məsələsinə qarşı sərtəm. İstəmirəm ki, hansısa futbolçunun intizamsızlığı müzakirə edilsin. Bizim cəzamıza necə yanaşacaq, onu görəcəyik. Mənim ona ehtiyacım var. Maksim Medvedevi cinahda oynadıram. Dəfələrlə demişəm ki, futbolçu ciddi və məsuliyyətli olmalıdır. Geryeni tanıyırıq, pis oğlan deyil. Mənfi cəhəti isə onun karyerasına pis təsir edir".

Baş məşqçi haitili futbolçunun cəzanın ədalətsiz olması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Ədalətsizliyə kimi dediyi bütün fikirlər doğrudur. Bizim klubun üzvüdür. O, özünə nə iləsə bəraət qazandırmalıydı. Nədənsə bunun problemləri olur, başqalarının olmur. Hamını başa düşürəm, amma müəyyən yer var ki, ora kimi göz yuma bilirəm. Çempionat başlayıb və futbolçu gəlməyib, bu, kluba hörmətsizlikdir. Bəzi insanlar əllərinə fürsət düşəndə istifadə etməyə çalışırlar. Heç kimin puluna göz dikməmişk. Bizim tərəfimizdən cəzalanıbsa, ədalətlidir. Cərimələnməsinin mediada bilinməsini istəmirdim, amma özü deyib. Onu rəsmi bildirməyin tərəfdarı deyiləm".(report.az)