İdman 14:26 02.08.2021

Güləşçimiz üçün medal şansı (YENİLƏNİB)

Tokio-2020-də daha bir medal qazanmaq şansımız yaranıb.

Qaynarinfo xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rafiq Hüseynov təsəlliverici görüşə çıxacaq. Buna səbəb onun 1/4-də məğlub olduğu Qırğızıstan güləşçisinin finala çıxmasıdır. Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Onüstələyəcəyi mtəqdirdə isə bürünc medal uğrunda erməni Karapet Çalyanla üz-üzə gələcək.

Təsəlliverici görüş sabah saat 6:00-da keçiriləcək.
 
13.00

Tokio Olimpiadasında güləş yarışları davam edir.

Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib. Güləşçilərimizdən Rafiq Hüseynovla Elis Manolova mübarizəyə qoşulub.

Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə Hüseynov sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olub. Qarşılaşma Hüseynovun məğlubiyyəti ilə yekunlaşıb. Rəqib finala yüksəlsə, Hüseynov sabah təsəlliverici görüşə çıxacaq.

Elis isə (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub. Nigeriyalı güləşçi finala çıxsa, Elis üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranacaq.

Səbuhi Həsənov