"Azərbaycandan geri dönməyim üçün hər hansı tələb yoxdu. Məncə bundan sonra da olmaz. Türkiyə üçün çıxış etməyə davam edəcəm".
Qaynarinfo xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Ötən il Londonda keçirilən Dünya çempionatında 200 metr qaçış yarışlarında çempion olaraq tarixi uğura imza atan idmançı bu uğurunun Azərbaycanda böyük sevinclə qarşılandığını bildirib: "Vətəndaşlarım çox sevindi və xoşbəxt oldular. Mənə təbrik mesajları yazdılar və bu dəstəyə görə çox sevindim. Əslində bu medal iki ölkənindi. Geriyə dönməyimlə bağlı məsələni heç kim açmadı, məncə bundan sonra da açmazlar".
Ramil dünyanın ən sürətli adamı hesab olunan Usayn Boltla bağlı da danışıb. Atlet yamaykalı həmkarı ilə bir neçə dəfə görüşdüyünü bildirib: "Onunla bir neçə dəfə görüşmüşəm. Amma biz başqa atletlərlə görüşəndə qaçış baradə danışmırıq. Sadəcə harda və nə vaxt yarışacağımızla bağlı bir-birimizə suallar veririk. Usayn Bolt atletikaya dönsə, ən çox 3-5 il yarışa bilər".
Quliyev hədəfinin rekordlar qırmaq olduğunu bildirib: "Hədəf təbii ki, rekord qırmaqdı. Hər il dərəcələr daha yaxşı olur. İnşallah, 2017-ci ildəki dərəcəm sonuncu olmaz. Biz belə olmaması üçün əlimizdən gələni edəcəyik. Rekordlara nə qədər yaxın olduğumu gələcək göstərəcək. Amma imkansız bir şey yoxdu".
Şərhlər