Ekonomiks 15:33 23.07.2021

Regionların sosial-iqtisadi inkişafının təşviqi: Problemlər, çıxış yolları...

"Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərinin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişaf proqramıları çərçivəsində rayonlarda infrastrukturun formalaşdırılması müşahidə edilib:

"Praktik olaraq son 15 ildə rayonların infrastrukturunun formalaşdırılması və bu konteksdən daxili və xarici investisiyanın cəlb edilməsi üçün potensial formalaşıb. Artıq yeni mərhələdə formalaşmış infrastrukturun dəyərə çevirilməsinə ehtiyac var. Rayonlara həm yerli, həm də xarici investisiyanın cəlb edilməsi çox vacibdir. Xüsusən nəzərə alaq ki, bu gün bütövlükdə biznesin əhəmiyyətli hissəsi Bakının payına düşür. Praktik olaraq paytaxt biznesinin 80%-dən çox hissəsini özündə cəmləşdirir. Bu konteksdən, təbii ki, rayonlarda formalaşmış infrastrukturun artıq dəyərə, o cümlədən məhsul və xidmət istehsalına çevrilməsi çox vacibdir. Bu baxımdan da rayonlarda investisiyanın təşviq edilməsi çox mühümdür. Biz xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha çox güzəştli kreditlərin verilməsini təklif edirik. Nəzərə alsaq ki, Mərkəzi Bankın məlumatına görə, bütövlükdə kredit portfelinin 81%-i Bakının payına düşür, 19%-i isə rayonlarda yaşayan vətəndaşlarımıza təklif olunur, bu baxımdan bunun da əsas səbəblərindən biri girov mexanizmidir. Girov mexanizminin təkmilləşdirilməsi və rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının artırılması çox vacibdir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı. Düzdür, rayonlarda fəaliyyət göstərən sənaye məhəllələrində belə güzəştlər var. Amma bu güzəştlərin dairəsinin genişləndirilməsi lazımdır. Çünki nəticə etibarı ilə inkişafla yanaşı, həm də balanslı iqtisadi inkişafın daha yaxından dəstəklənməsinə ehtiyac var və bunun da əsas yollarından biri bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün təşviq mexanizminin genişləndirilməsi, rayonlara daha çox sərmayənin cəlb edilməsi, daha çox özəl sektorun, yeni iş yerlərinin yaradılmasına nail olunmasından ibarətdir".    
 

Sahibkarlar, fermerlər, kəndlilər fəaliyyət göstərməkdən çəkinir...

İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov isə hesab edir ki, ölkədə hər bir sosial iqtisadi inkişafın kökündə ölkədəki hüquqi mühit, məhkəmə hüquq sisteminin vəziyyəti durur:

"Yəni o ölkədə inkişaf olur ki, paytaxt, yaxud region fərqi olmadan məhkəmələr yaxşı işləyir, səmərəli, qanuni, müstəqil, məhkəmə qərarları lazımı şəkildə icra olunur. Bir sözlə, qanunçuluq var. Bunlar olmayan yerdə heç bir sosial iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu bizdə çox ciddi problemdir.
 
Regionlarda isə xüsusi ilə ciddi problemdir. Çünki biz bilirik ki, yerli icra hakimiyyəti başçıları regionun ağasıdır. Onlar məhkəməyə, hətta notariuslara - bütün hüquqi sistemə - məhkəmələr, icra şöbələri, məhkəmə qərarlarının icrası ilə məşğul olan şöbələrə təsir göstərir. Bir sözlə, həmin yerlərdə hüquqi təminatı həyata keçirən qurumlara. Belə vəziyyətdə dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlar işləmir. Niyə? Çünki hər hansı iqtisadi fəaliyyətlə məşğul olmaq müəyyən investisiyanın qoyulmasını tələb edir. Sahibkar da biləndə ki, pulu qoyacaq, dövlət ona dəstək olacaq, ucuz güzəştli kreditlər verəcək və s. amma sabah onun hüquqları pozulanda onun müdafiəsində problemlər olacaq, onda maraq azalır. 
 
 

Bazar iqtisadiyyatının kökündə 3 təməl var. Birincisi, mülkiyyətin müdafiəsi, ikincisi, bağlanılan müqavilələrin icrasının təminatı, üçüncüsü də sağlam rəqabət mühiti. Bunlar olmasa, orada necə fəaliyyət göstərəcəklər? Sabah istəlinən məmur onun mülkiyyətini əlindən alsa, onunla bağlanılan müqavilələri kimsə icra, məhkəmə müdafiə etmirsə, yaxud da qeyri-sabit rəqabət aparılırsa hansı təşəbbüskarlıqdan danışmaq olar? Bunlar yoxdursa, orada nə faliyyət, nə inkişaf? Hesab edirəm ki, birinci növbədə ölkədə bu təmin olunmalıdır, qalan məsələlər - proqramlar, güzətli kretitlər, reginonlarda daha yüksək maaş verilməli, məmurlar, hətta vəkillər üçün yaxşı şərait yaratmaq lazımdır. Bu gün regionlarda vəkillər işləmək istəmir. Regionlarda vəkil azdır. Düzdür, Vəkillər Kollegiyası əlindən gələni edir, amma bunu sözü gedən qurum təkbaşına edə bilməz. Regionlarda təminat olmalıdır. Bu da regonlarda ciddi problemdir. Azərbaycanda ədalət mühakiməsinə nail olmaq çətindir, regonlarda isə ikiqat çətindir, buna görə də vəkillər regionlara getmək istəmir. Onların maddi təminatından tutmuş, başqa hər bir məsələyə kimi öz həllini tapmalıdır ki, regionlarda insanlar iqtisadi aktivliyi göstərsinlər. Mən daha çox bu yöndə görürəm inkişafı. Digər məsələlər isə ikinci dərəcəlidir. Amma təəssüf ki, bizdə hələlik hökumətimiz məsələni başqa cür qoyur. Və təəssüf ki, bizdə daha çox proqramlara, güzəştli kreditlərin verilməsinə üstünlük verirlər. Bu məsələlərə isə diqqət edilmir. Ona görə də sahibkarlar, fermerlər, kəndlilər nəsə bir fəaliyyət göstərməkdən çəkinir. 

Azərbaycanda ən böyük problem nədir? İqtisadi fəaliyyət subyektləri fəaliyyətlərini üzünmüddətli perspektiv nöqteyi-nəzərindən qurmurlar. Çünki inam yoxdur, hamı qısa müddətdə "qazanım, götürüm” prinsipinə üstünlük verir. Bu da hamısı ölkədəki məhkəmə, hüquq sisteminə inamsızlıqla bağlıdır".

Ən böyük problemlərdən biri - ipoteka kreditləşməsi...
 
 

İqtisadçı alim Nazim Bəydəmərli hökumətin əlində olan təşviq alətlərindən bir neçəsinin məlum olduğunu açıqlayıb:

"Hökumətin əlində olan təşviq alətlərindən bir neçəsi məlumdur. Uzun illərdir ki, vergi dərəcələrinin müxtəlif olması regionlarla böyük şəhərlər arasında tətbiq edilir.
 
 

Söhbət daha çox sadələşdirilmiş vergidən gedir. Eyni zamanda müxtəlif subsidiya və datasiyaların verilməsi. Uzun illərdir əvvəllər Sahibkarlığa Kömək Milli Fondu, indi Sahibkarlığın İnkişaf Fondu, aqrolizinq, aqrarkredit təşkilatları və s. kimi bir çox alətlər vasitəsi ilə hökumət regionların inkişafına dəstək verməyə cəhd edir. Bizim müşahidə etdiyimiz nəticələr ondan ibarətdir ki, açılışında ölkə başçısı iştirak etmiş müəssisələr belə bir müddətdən sonra dayanır və işləmir. Lenti kəsilir, bir neçə ay işləyir və dayanır. Bu onu sübut edir ki, heç bir bazar araşdırması aparılmadan, eyni zamanda böyük emal müəssisələrinə, hansına ki, regionların sosial iqtisadi inkişafı layihəsi çərçivəsində həm də kreditlər ayrılır, kreditlər ayrılan zaman banklar sanki kampaniyaçılıq alətindən istifadə edir və yuxarılara xoş görünmək üçün müxtəlif müəssisələrə vəsait ayırırlar. Bu, əsasən məmur sahibkarlığına məxsus olan müəssisələr olur. Adətən məmur sahibkarlığı sıradan çıxarılanda, daha doğrusu, kimsə vəzifədən çıxarılanda bu müəssisələr çökməyə başlayır. Biz bunu dəfələrlə müşahidə etmişik. İri çinli məmurlara məxsus olan müəssisələr sonradan dayanır. Məsələn, adətən rayonlarda icra başçısı, müxtəlif inzibati vəzifələri daşıyanlar, hansı ki əvvəlki illərdə daha çox bizneslə məşğul olurdular. Əslində Maliyyə Nazirliyinin və Hesabalama Palatasının hesabatlarında da yoxlamaların nəticəsi olurdu ki, səmərəsiz istifadələr, kağız üzərində əkin sahələri şişirdilir, nəticə etibarı ilə müxtəlif kampaniyaçılıq aparılır və dövlət vəsaiti mənimsənilir. Dövlət büdcəsi vasitəsi ilə müxtəlif datasiyalar verilir. Yanacağın, sürtük yağlarının, o cümlədən gübrənin müəyyən bir hissəsi dövlət  büdcəsi vəsaiti hesabına ödənilir. Bu ənənə yenə də davam edir. Çünki real sahibkarlığın işləməsi üçün rəqabət mühiti lazımdır. Real sahibkarın böyük vəsaitlərə çıxışı olmur. Ona görə də balaca müəssisələr də maya dəyəri çox, əmək tutumlu olduğuna görə istehsalı texnika ilə yüngülləşdirmk mümkün olmadıqda rəqabət apara bilmir. Müşahidə etdiyimiz ondan ibarətdir ki, bazarlarda, marketlərdə biz istehlakçılar daha çox xarici ölkələrdə istehsal olunan məhsulardan istifadə etmək məcburiyyətində qalırıq, alış-veriş mərkəzlərində bu daha çox gözə çarpır. Demək olar, bizim istehlak səbətimizin ən azı 70-80%-i  xarici ölkələrdə istehsal olunmuş məhsullardır. Əgər ölkədə istehsal olunmuş məhsul adı ilə nəsə çıxarılırsa, onun xammalına baxanda görürük ki, o da xaricdən gəlib. Bu baxımdan təşviq hərtərəfli olmalıdır. Bunun üçün məmur sahibkarlığı ləvg olunmalı, inhisarçılıq aradan qaldırılmalı, icazələrin, lisenziyaların asanlaşdırılması həyata keçirilməli və real sahibkarların resurslara çıxışı asanlaşdırılmalıdır. Ümumilikdə, ölkədə kredit faizləri aşağı salınmalıdır. Onun üçün bir çox addımların atılması vacibdir. Xaricdə saxlanılan vəsaitlərin ucuz, uzunmüddətli sənaye, emala və digər sahələrə istehsala yönləndirilməsi üçün proseslər asanlaşdırılmalıdır. Pul baha olmamalıdır. Azərbaycanda isə bu, çox bahadır.  Daha çox bu tipli layihələrdən "yararlanaraq" həmin vəsaitlər müxtəlif yerlərə çıxarılır və bu və ya digər formada tikintiyə qoyulur. Çünki ölkədə ən böyük problemlərdən biri ipoteka kreditləşməsinin zəif olmasıdır. İpoteka kreditləşməsi ona görə zəifdir ki, pul bahadır. Pul ona görə bahadır ki, biz banklarda, maliyyə sektorunda inhisarçılığı görürük. Pulun baha olması iqtisadiyyatda dirçəlməni məhdudlaşdırır, eyni zamanda iqtisadi böhranlar, pandemiya və digər problemlər zamanı qaytarılmayan kreditlərin faizi artır və insanların real gəliri az olduğuna görə banklar da riskləri göz önünə gətirərək daha ehtiyyatlı davranmağa üstünlük verirlər".

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.