Ekonomiks 15:43 02.06.2023

Regionlarla paytaxt arasında fərqin minumumlaşdırılması - Nə etməli?

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycanda regionların inkişafı ilə bağlı həyata keçirilən proqramlar sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına hesablanıb.

Dövlət proqramının həyata keçirildiyi tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, iqtisadi inkişafın yalnız dayanıqlı deyil, eyni zamanda balanslı olması olduqca vacibdir:



"Bu baxımdan Azərbaycanda paytaxtla regionlar arasında fərqin aradan qaldırılması iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Təbii ki, bu, zaman tələb edən və mərhələli bir prosesdir. Xüsusən də nəzərə alsaq ki, bu bir tərəfdən regionlarda yalnız infrastrukturun formalaşdırılması deyil, eyni zamanda investisiyaların cəlb edilməsinin də daha çox sərmayəyə malik olmasını təşviq edib və gündəmə gətirir. Digər tərəfdən, paytaxt  xüsusən də nəzərə alsaq ki, həm də iqtisadiyyatda aparıcı olan neft sektoru hesabına daha çox ümumdaxili məhsulda paya malikdir, bu baxımdan proses mərhələli şəkildə həyata keçirilən bir prosesdir”.

Vüqar Bayramov vurğulayıb ki, regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər konteksində hələ də paytaxtın ümumi iqtisadiyyatda, eləcədə fiskal gəlirlərdə payı hələ də yüksək olaraq qalmaqdadır:

"Bütövlükdə biznesin 80%-dən çoxu paytaxtın payına düşür. Və məqsəd də ondan ibarətdir ki, bu istiqamətdə regionların payının daha da artırılmasına nail olmaq mümkin olsun. Bütövlükdə, regionların sosial, iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin əhəmiyyətli hissəsini həyata keçirtmək mümkin olub. Artıq regionlarda infrastrukdur praktik olaraq formalaşıb. Xüsusən də nəzərə alaq ki, məhz regionlarda əvvəlki dövrlərdən fərqli olaraq kommunal xidmətlərin verilməsində fasiləlik minimumlaşıb. Eyni zamanda infrastrukturun inkişaf etdirilməsi və nəqliyyat logistik şəbəkənin formalaşması müşahidə olunur”.

Vüqar Bayramov hesab edir ki, indiki məqamda həyata keçirilən proqram çərçivəsində formalaşan infrastrukturun dəyərə çevirilməsi olduqca vacidbidr:

"Bu, regionlarda iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, xüsusən də ixtisaslı kadrların işlə təmin edilməsi baxımından vacibdir. Ona görə də bu gün bölgələr üçün digər piroritet məsələ məhz mövcud infrastrukturun dəyərə çevrilməsi üçün daha çox sərmayənin cəlb edilməsi və bununla da regionlarla paytaxt arasında fərqin minumumlaşdırılmasına nail olmaqdan ibarətdir”.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.