Azərbaycan millisi və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam klubu ilə vidalaşıb.
Qaynarinfo xəbər verir ki, veteran müdafiəçi şəxsi "Instagram" hesabında bunları yazıb:
"Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm".
Rəşad Sadıqovun "Zirə"yə baş məşqçi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Rəşad Sadıqovun peşəkar karyerasında ilk klubu "Turan" olub. Veteran futbolçu Tovuz təmsilçisi ilə yanaşı, "Neftçi", "Fulad" (İran), "Kayserispor", "Kocaelispor" və "Əskişəhərspor"(hamısı Türkiyə) klublarının da formasını geyinib. Onun sonuncu komandası isə "Qarabağ" olub. 2011-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyan Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub.
O, "Neftçi"nin heyətində 2, "Qarabağ"da 7 dəfə Azərbaycan Premyer Liqasının, ümumilikdə isə 5 dəfə ölkə kubokunun qalibi olub. Sadıqov 5 dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
O, 4 dəfə Azərbaycanda ilin futbolçusu adına layiq görülüb. Əsas millisdə 112 oyun keçirib və 6 qol vurub.
Şərhlər