Bu gün Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Tələbə-Könüllülərinin Forumu keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdən əvvəl Təhsil Nazirliyinin "BİR” tələbə-könüllüləri Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman nazirin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, digər rəsmilər, 400-dən çox tələbə-könüllü və qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır.
"Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.
Tədbir çərçivəsində "Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub. Həmçinin, ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.
Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.
Qeyd edək ki, Forum Təhsil Nazirliyi və "Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.
Şərhlər