Vüsal Bağırlı
Ölkə 18:44 19.10.2020

Riqqətə gətirən əsgər mesajı

Vüsal Bağırlı

Təxminən 25 il bundan əvvəl, tələbə vaxtlarımda stadiona getmişdim. Tofiq Bəhramovda dünya çempionatının seçmə oyunu çərçivəsində Azərbaycan- İsveçrə qarşılaşması keçirilirdi. Bilet filan almamışdım və yeni aldığım kurtkanın məftil tora ilişib cırılması hesabına birtəhər, xəlvəti də olsa stadionun yan hasarından içəri daxil ola bildim.

Oyun başladı, hesabı ilk olaraq bizimkilər açdılar və tirbunaları ağzınadək doldurmuş tamaşaçıların təəccübünə rəğmən qapımızı sonadək toxunulmaz saxladılar. Axıra yaxın, qonaq komandanın türk oyunçusu Kubilay Türkyılmazın penal zərbəsini dəqiq vura bilməməsi, onsuz da coşqun olan hissləri birə yüz artırdı və yığmamız tarixində ilk rəsmi qələbəsini qazandı. Özü də kimin üzərində!? Avropanın güclülərindən sayılan İsveçrə yığmasının.

Sevincimizin həddi-hüdudu yox idi. Yadımdadır, o vaxt Bakıxanov qəsəbəsində yaşayırdım və metroyla, avtobusla, piyada evə gedib çatana qədər yolda, səkidə, tində, bucaqda hamının bir-birini təbrik etdiyini, bir-birinə doğması sayaq münasibət göstərdiyini müşahidə edirdim.

İndi qazanılan möhtəşəm döyüş qələbələri fonunda insanlarda eyni coşqun əhval-ruhiyyəni hiss edirəm. İnsanların sevinci yenə də yerə-göyə sığmır. 

Yenə də yolda izdə bir-birini tanımayan insanlar ümumi sevincə şərik olur, iraq virusdan, koronadan, hətta qucaqlaşıb öpüşürlər də...

Qazanılan qələbələr fonunda, insanların əhvalının, ruh halının hansı zirvələrə qalxdığını şahidi olduğum başqa bir hadisəylə vurğulamaq istəyirəm.
Onlar qonşuluqda yaşayırlar. Ailə. Ata, ana və gənc oğul. Bir müddətdir oğlanı görmürdüm. O gün liftdə ata və ana ilə rastlaşdım. Oğulu soruşdum. İkisi də birdən dilləndi. Oğulları könüllü orduya yazılmış, cəbhəyə yollanmışdı. Valideynlər sevinirdilər, gözləri işıldayırdı. Ruh yüksəlişi içərisində idilər. Doğrusu onlardan belə reaksiya gözləmirdim.

Liftdən düşdük,  hərə öz mənzilinə dönmə məqamında, elə qapının ağzındaca sağollaşdıq.

Bir neçə gündən sonra, yenə rastlaşdıq. Yenə liftdə. Bu dəfə əhval tam dəyişmişdi. Kefsiz, tutqun görünürdülər. Açıq-aşkar bikef idilər. Liftin içərisində sükut və dilxorçuluq hökm sürürdü.

İstər-istəməz qorxu hissi keçirdim. 

Müharibə gedir axı? Görəsən nəsə olmuşdurmu? Soruşum ya soruşmayımmı?

Nəhayət qəti qərara gəldim və hər ikisinə diqqətlə baxaraq oğullarını xəbər aldım. "Salamatçılıqdırmı?" söylədim.

Bu dəfə yalnız qadın danışdı. Kişi baxışlarını döşəməyə zilləyərək maddım-maddım baxırdı. 

Neçə gündür oğuldan heç bir xəbər olmadığı, buna görə bərk həyəcan keçirdikləri, nigaran qaldıqları məlum oldu. Sonra qadın susdu. Liftin içərisində dərin, xoşagəlməz sükut yarandı. Nəsə demək, təskinlik vermək istəyirdim, lakin  düzgün söz, doğru bir ifadə tapa bilmirdim.

Elə bu zaman, sükut pozuldu. Qısa siqnal səsi eşidildi. Kişinin telefonu yanıb söndü. Ona SMS gəlmişdi. Kişi diksindi. Gözünü monitora dikdi. Bircə həmin an onun üzünü görəydiz. Onun üzündəki mimikanın, hisslərin  sürətlə necə dəyişdiyini biləydiz. 

Düyünlənmiş qaşlar, qırışmış üz açıldı, büzüşmüş ağız kənarları hamarlandı. Qaşqabaq təbəssümə çevrildi. Gözlər sevincdən qıyıldı. Göz bəbəkləri yenə par-par yanmağa, ümidlə işıldamağa başladı. Oğul mesaj göndərmişdi. Qısa və lakonik yazılmış bir-iki sözlə hər şeyin yaxşı, sağ-salamat olduğunu, Vətən uğrunda savaşdıqlarını, düşmənə qan uddurduqlarını, tezliklə qələbə qazanacaqlarını bildirirdi. 

Bəlkə də, səngərdə, güllə, mərmi yağışı altında, döyüş anında tələsik yazılaraq, "OK” düyməsini basmaqla göndərilmiş həmin bir-iki sözün hansı gücə, qüdrətə malik olduğunu, hansı möhtəşəm təəssüratlar, ümidlər yaratdığını görmək, bu möhtəşəm mənzərəni seyr etmək adamı riqqətə gətirən hisslər idi.