"Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Bney Yehuda” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, italiyalı mütəxəssis mərhələni keçəcəklərinə inandığını bildirib: "Rəqibin ilk dəqiqələrdən 8-9 nəfərlə müdafiə olunacağını gözləyirdik. Bəzən onlara 2 hücumçu da qoşulurdu və bütün komanda ilə müdafiəyə otururdular. İlk hissədə hücum qurmaqda çətinliklər yarandı. Rəqib isə əks-hücumlar qurub, bundan istifadə etdi. Hesab 0:2 olmazdan öncə təhlükəli epizodlarımız var idi, lakin istifadə edə bilmədik. Buna baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Həftəboyu üzərində işləyib, çalışacağıq bunları düzəldək. Futbolçularımın göstərdiyi xarakter məni qane etdi. Əzmkarlıq edib, sona qədər vuruşdular, təslim olmadılar. Çalışacağıq cavab oyununda daha yaxşı çıxış edək”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "İlk hissədə ötürmələrlə hücum qurmağa çalışırdıq. Amma səhvlər etdik və rəqib bizi cəzalandırdı. Buna baxmayaraq, toparlandıq və xarakter göstərib, hesabı bərabərləşdirdik. Oyunu düzgün qiymətləndirək. "Arsenal” və "Bney Yehuda” fərqli oyunlar göstərdi. "Arsenal” futbol oynayırdı, bugünkü rəqibimiz isə yalnız müdafiə olunurdu. "Arsenal”ın orta xətti güclü olduğuna görə Kaneni oynatmışdıq, bu gün isə bizə kreativ, fantaziyası güclü olan Platellas lazım idi. Hətta Dabo və Namiki də meydana buraxdım. Çünki onlar rəqib qapısı ağzında daha təhlükəli vəziyyətlər yarada bilirlər. Rəqibə qarşı hazırlığımız həftəboyu davam etmişdi. Bilirdik ki, "Bney Yehuda” necə oynayacaq. Bütün futbolçuların konsentrasiyası bu oyuna idi. Yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücuma çıxanda səhvlər etdik və rəqib də bunlardan yararlandı.
Komanda qol vuranda bu yalnız hücumçuların işi olmur. Müdafiə ilə bağlı da eyni şeydi. Sırf müdafiəçilərin səhvindən qol buraxmadıq. Bütün komanda şəklində səhvlər etdik. Bunların üzərində işləyəcəyik. Rəqib bütünlüklə geri çəkilmişdi. Biz isə hücumu mərkəzdən qurmağa çalışırdıq. Bu da bizə baha başa gəldi. Ancaq futbolçuların xarakteri vəziyyəti dəyişdi. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq. Hamı qələbə istəyirdi. Bilirəm ki, hər kəs bizi dəstəkləyirdi. Rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı futbol göstərib, düzgün müdafiə olundular. Mbodj elə futbolçudur ki, uzun ötürmələr zamanı başla yaxşı oynayır. Oyunun sonunda gördüm ki, arxada müdafiəçi saxlamaq mənasızdır, çünki rəqib qapımıza yaxınlaşmırdı. Buna görə də Mbodju hücuma qoymaqla hündürlük yaratmağa çalışırdıq. O, belə epizodlarda faydalı ola bilir”.
Şərhlər