Tanınmış müğənni Roza Zərgərlinin "Qəbələ" klubu üçün oxuduğu himni hər halda bir çoxlarınız eşitmisiniz. Ötən günlərdə xəbər tutdum ki, Roza xanım ölkə kubokunun sahibi "Qəbələ"nin 28 may tarixində azarkeşləri üçün təşkil edəcəyi bayram və kubokun təqdimetmə mərasimində də iştirak edəcək.
Bəs Roza Zərgərlinin bu "Qəbələ" bağlılığı hardan gəlir? Bu sualın cavabını və sənətçinin futbola olan marağı haqda öyrənmək üçün özü ilə əlaqə saxladıq.
Beləliklə, Roza Zərgərlinin Sport7.az-a müsahibəsini təqdim edirik.
- Roza xanım, futbolla nə dərəcədə maraqlanırsınız?
- Düzünü desəm, futbolu yox xokkeyi çox sevirəm. Ancaq evdə hamı futbol azarkeşidir deyə, çoxluq hara, mən də ora. Ona görə futbola baxıram. Bəzi xarici oyunçuların adlarını da bilirəm.
- Məsələn, kimləri tanıyırsız?
- Məsələn, Kaka. Ancaq dədə-babadan atam Maradonaya pərəstiş edirdi. Peleni də görmüşəm. O vaxt ketçupların üstündə fotosu vardı. Atamdan soruşurdum ki, bu kişi kimdi? O da deyirdi ki, bu dahi futbolçudur. (gülür)...
- Bəs ölkə futbolu ilə maraqlanırsınız?
- Özüm də keçmiş idmançı olduğuma görə, dövlətimizdə idmanın inkişaf etməsinə çox sevinirəm. Yaxşı idman məktəbləri olsa, bizim idmançılarımız özlərini yaxşı tərəfdən göstərə bilərlər. Futbol məktəbləri çox yayılıb, çox valideyn övladlarını futbola yazdırır. Təki valideynlər maraq göstərib, övladlarını idmana meyilləndirsinlər, nəinki incəsənət sahəsinə. (gülür)...
- Keçmiş idmançı olduğunuzu qeyd etdiniz. Hansı idman növü ilə məşğul olmusunuz?
- Fiqurlu konki sürmə ilə məşğul olurdum. Lakin zədə aldığıma görə buraxmalı oldum. İndi də o zədənin fəsadlarını çəkirəm.
- Keçim sözün canına... 2016-ci ildə "Qəbələ" komandası üçün himn ifa etmisiniz. Hətta mayın 28-də komandanın təşkil etdiyi konsertdə də siz çıxış edəcəksiniz. Bu komandaya bağlılığınız hardan gəlir?
- Azarkeşlik etdiyim bir neçə Azərbaycan komandası var. Ən çox sevgim, rəğbətim "Qəbələ" klubunadır. "Qəbələ" üçün ifa etdiyim mahnı əslində çay üçün yazılmışdı. Studiyada uşaqlara dedim ki, nəsə bu mahnını çay üçün oxumaq könlümə yatmır. Dedim bura belə cümlələr yazsaq, "Haydi, haydi "Qəbələ". Olsun qələbə" daha uyğun olar. Uşaqlarda da dedilər ki, bu hardan çıxdı, çay hara futbol hara?! (gülür)... Elə həmin vaxtlar futbol yarışları gedirdi. "Qəbələ"nin də oyunları vardı. Düzdü, qələbə arzulasaq da, olmamışdı. Ancaq bir gün qələbələr olar və hamı bu mahnını xorla oxuyar.
"Qarabağ" klubuna da baxıram. Orada olan tanışlarımız, əzizlərimiz var. Onları da izləyirəm. Ancaq sırf azarkeşlik etdiyim komanda "Qəbələ"dir. Lakin bu cümləni də qeyd edin ki, "Qəbələ" Futbol Klubuna məni başqa sevgi bağlamır. Nədənsə onların peşəkarlığına, uğurlarına inanıram. Bu himn 3 il əvvəl yazılıb. Hətta klip də çəkmək istədim, lakin alınmadı. Sifarişli bir mahnı olsaydı, sevgimdən irəli gəlməsəydi, çoxdan maddi dəstək alıb klipini də çəkmiş olardım, lahiyəni işıq üzünə də çıxarardım. Bu artıq sırf komandaya qarşı olan sevgininin göstəricisidir. Bu vaxta kimi bu mahnı sadəcə "youtube" üzərindən yayımlanıb, efirdə səslənməyib. İlk dəfə bu mahnını 28 mayda konsertdə səsləndirəcəm.
- Elə yəqin ki, "Qəbələ" klubu da sizin bu sevginizdən xəbərdardır ki, konsertə sizi dəvət edib.
- Ola bilər. (gülür)...
- Bəs Naxçıvanda keçirilən Azərbaycan kubokunun finalında iştirak etmişdiniz?
- Uğurundan xəbərim var. Çox da sevindim. Lakin işlə bağlı yoğun qrafikdəyəm, qarşıda 6 konsertim var. Xaricə səfərlərimiz olacaq, dostluq konsertlərində iştirak edəcəyik deyə, vaxt məhdudiyyəti oldu və oyunda iştirak edə bilmədim.
- Özünüz idmanı buraxmalı oldunuz. Bəs övladlarınız arasında idmanla məşğul olanı varmı?
- 4 övladım var. 2 oğlum hazırda əsgərdir. Böyük oğlum aktyordur. İşinin peşəkarıdır, Kan festivalında layiqli yer tutub. Leyla xanım Əliyevanın çox dəstək olduğu gənc bir aktyordur. Amma ki, hərdən deyirəm "Corc, bəlkə futbolçu olasan". Çünki çox yaxşı futbol oynayır. Düzdü, gecə 3-də futboldan qayıdanda deyinirəm. Çünki ayağında bir balaca problem var. Oyundan sonra ona əziyyət verir. Amma buna baxmayaraq, iki oglum futbola çox meyillidirlər. Çox yaxşı da bacarırlar. Özüm də bir neçə dəfə gedib izləmişəm.
- Bəs onlar da sizin kimi "Qəbələ"yə azarkeşlik edirlər?
- Yalan demiş olaram. Hərbi xidmətdə olduqları üçün soruşa bilmərəm. Stadionda "Qarabağ"ın oyunlarına gedib baxırdılar. Gec gəlmişdilər, ordan yadımdadı. Futbolumuzun inkişafına çox həvəslidirlər. Bizimkilər xaricdə uduzmuşdular, hamı pisləyirdi. Böyük oğlum deyirdi ki, gedib o turnirdə iştirak etmək özü bir qalibiyyətdi. Özüm də "Bakı vaxtı ilə" verilişində Tofiq Bəhramov haqqında maraqlı məlumatlar hazırlamışdım. Uşaqlarım da verilişimə baxırlar, redakte edərkən də yanımda olurlar. Onda oğlum dedi ki, siz keçmiş futbolumuza baxmayın. Hətta bir ara durğunluq olsa da, indi Azərbaycan futbolu addımlayır. Və elə Çempionlar Liqası, Avropa Liqası kimi mötəbər turnirlərdə iştirak etmək, özü bir qalibiyyətdi demişdi. İlk dəfədən kim gedib kubok qazana bilər? Addım-addım irəliləmək lazımdır. Əgər bu gün xaricdən Azərbaycana o qədər turist gəlib, bizim stadionumuzda azarkeşlik edirsə, bu özü bir qalibiyyətdi. Azərbaycan Avropada tanınır və bizim futbolla hesablaşmağa başlayırlar.
Şərhlər