Xəbər lenti

Rus jurnalist Azərbaycanda ABŞ laboratoriyası “tapdı” - Qalmaqallı film
Video 19:19 23.01.2022

Rus jurnalist Azərbaycanda ABŞ laboratoriyası “tapdı” - Qalmaqallı film

Yanvarın 22-də "Rossiya-24” telekanalında (bu gün təkrar efirə verilib)  keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun "Andromeda ştammı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Təəssüf ki, Rusiyanın peşəkar araşdırmaçı jurnalisti kimi bir çox maraqlı sənədli filmlərin müəllifi olan Mamontov heç bir sübut göstərmədən Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib ki, buna yazının sonunda qayıdacağıq...

Filmdə (18-ci dəqiqədən baxmaq olar)  Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır. Rusiyanın Qafqazda strateji müttəfiqi adlandırılan Ermənistanda rus hərbi bazası ölkənin müstəqil dövlət kimi mövcudluğunun qarantiyası adlandırılır. Jurnalist bildirib ki, 3 milyon əhalisi olan Ermənistanda 12 belə laboratoriya mövcuddur.

Erməni ekspert Qriqor Qriqonyan ABŞ biolaboratoriyanın ölkə ərazisində fəaliyyətini dəyərləndirərək deyib ki, Ermənistan de-yure müstəqil olsa da, de-fakto ABŞ-ın koloniyası da hesab edilə bilər. Ekspert hesab edir ki, Rusiyanın əhatəsində yaradılmış ABŞ laboratoriyaları Moskvaya qarşı yönəlib. "Niyə virusların yayılmasının qarşısının alınmasını ABŞ Səhiyyə Nazirliyi deyil, Pentaqon maliyyələşdirir” sualına ekspertin cavabı belə olub: "Ermənistanda əsasən, brusellyoz, Sibir xorasının bioloji silah kimi istifadəsinin ekspermentləri keçirilir”.



Filmdə Gümrü və Sevan gölü yaxınlığındakı laboratoriyalardan söhbət açılır, təhlükəli ekspermentlərin yaşayış zonasının yaxınlığında yerləşməsinə diqqət çəkilib. Mamontov milyonların ayrıldığı ABŞ laboratoriyasının yerləşdiyi Gümrüdəki aşağı həyat səviyyəsinə də diqqət çəkib. Ermənistanla bağlı bölümün sonu da maraqlıdır. "Bu sadə adamlar belə görünür ki, amerikalıların onların xeyrinə iş gördüklərinə inanırlar. Amma heç ağıllarına belə gəlmir ki, onları təcrübə dovşanı kimi istifadə edirlər...”

Qeyd edək ki, qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.

Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət ediblər. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.



Moskva Rusiya sərhədlərində Vaşinqtonun bioloji fəallığından dəfələrlə narahatlığını bildirib. 2018-ci ilin sentyabrında Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Giorqadze laboratoriyada insanlar üzərində təcrübələr aparıldığı ehtimalını səsləndirib və onlarla insanın öldüyünü sübut edən sənədlər təqdim edib. 2018-ci ildə Qazaxıstanda da meningit xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə artmışdı və Almatıda həmin laboratoriyadan meninqokok infeksiyasının sızması barədə söz-söhbət yayılmışdı. Jurnalistlər və blogerlər yazırdılar ki, amerikalılar qəsdən virusun yayılmasına yol veriblər. Bununla, onlar laboratoriyada hazırlanan bakterioloji silahların effektivliyini yoxlamaq istəyiblər...

Ermənistandakı biolaboratoriyaların fəaliyyəti Moskvanın narahatlığına səbəb olması yeni xəbər deyil. Mamontov filmində də bu narazılığı açıq göstərir, hətta erməniləri aşağılayan ifadələr işlətməkdən çəkinmir. Yada salaq ki, şübhələri aradan qaldırmaq üçün 2019-cu ilin payızında baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq vermişdi. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.



Nəhayət, belə laboratoriyaların Azərbaycanda olması barədə filmdə göründüyü kimi, bunu təsdiq edəcək heç bir fakt yoxdur. Əgər jurnalist filmi hazırlayarkən laboratoriyaların olduğu ölkələrə səfər edibsə, Azərbaycandan isə "yan keçilibsə”, demək, bu cür iddialar yalnız sözdür. Amma niyə Rusiya bu və ya digər səviyyələrdə bu iddiaları tez-tez dilə gətirər, o da maraqlıdır.  Bir neçə il öncə Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov iddia etmişdi ki, guya Azərbaycanda Pentaqonun nəzarəti altında olan laboratoriyalar var, hətta "yenidən qurulur ”. "Azərbaycan ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur. Buna görə də, onların yenidən qurulması barədə söhbət gedə bilməz” deyə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti  iddiaları bu sözlərlə  təkzib etmişdi.

Mamontovun filmində ölkəmizin adının yenidən bu cür gündəmə gətirilməsinə hələ ki, rəsmi Bakının reaksiyası yoxdur…

 
Mənbə: Musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->